Xalqdan olmayanlar

Azərbaycan polisi həyatımızın bir parçasına çevrilib. Istəmədiyimiz halda bu dəyənəkkimilərlə çox tez-tez rastlaşmalı oluruq. Getdikcə daha da miskinləşən, rəzil varlığa çevrilən Azərbaycan polisi...
Eyni şeyləri ölkənin bütün hüquq-mühafizə orqanları haqda demək olar. Ancaq onları fərqləndirmiyə ehtiyac varmı? Artıq hər bir hüquq-mühafizə orqanının ümumi bir adı var: Polis. Hamısının bir təyinatı var: Vətəndaşı şərləmək, hakimiyyətə etiraz edənləri bütün yollarla susdurmaq.
Bizim indiyədək bir çox ümidlərimiz olub. Bəzən haqlı, bəzən haqsız ümidlərlə yaşamışıq. Bunlara görə özümüzü danlaya da bilərik, danlamaya da. Ancaq bizim Azərbaycan polisinə ümidlənməkdə böyük səhvimiz olmayıb. Qardaşlarımız, xalqımızın balaları, bir gün bizə dönəcəklər deyə polisə əfvlə yanaşmışıq. Inanmışıq ki, lazımi məqamda bunlar rəhbərlərinin tapşırıqlarını göz ardına vuracaqlar, xalqa qarşı cinayət etməyəcəklər. Əslində təhlükəsizlik keşikçiləri olan bu şəxslər ümidləri doğrultmaq imkanında olublar. Məsələn, onların vəzifəsinə aid deyil ki, aksiyaçı qızın saçından tutub sürüsün, müxalifətçi qadının qolunu bursun, vətəndaşın, müxalifətçi gəncin ehtiraslı “Azadlıq!” çağırışlarına söyüşlə, təhqirlə cavab versin. Onlarsa içlərindən gələn amansızlıqla bunu xüsusi səylə ediblər. Hətta bunu edərkən reportyorun onların fotolarını gördükləri zaman başlarını dik tutublar, düz obyektivə zilləniblər. Sanki böyük qəhrəmanlıq edib, üzərində bomba gəzdirən terrorçunu, ermənini yaxalamış kimi...
Vətəndaşla düşmən rəftarı onların bacardığı tək şeydir. Normalda onlar bunu etməyə bilərdilər. Edirlər, çünki içlərində köləlik hissi var. Bundan azad olmaq müxalifətçiyə qarşı hər cür kobudluğu etməkdən daha çətindir. Aksiya meydanlarından, aksiyaçı qadının saçından sürükləməkdən kənarda polisin öz hekayəsi var. O, bu hekayə ilə yaşayır. “Yaxşı oğlan” olmaq, dindən mübahisələr etmək, dindar aksiyaçını səhv çıxarmaq üçün Allahın əmrindən, peyğəmbərin şəriətindən moizələr oxumaq, padşahın Allahın kölgəsi olmasından mərcə girmək, hüquqlarını tələb edənlərə Qarabağ uğrunda fədakarlıqdan, bir qədər fərqli geyinmiş, saçlarını uzatmış, çənəsində saqqal saxlamış gənc demokratın geymini, imicini ələ salmaq, şübhə ilə qarşısındakına baxmaq kimi keyfiyyətlər polisin çoxşaxəli hekayəsidir. Məsələn, polis səninlə mübahisə edəcək ki, sənə pul verildiyi üçün azadlıq tələb edirsən. Sən buna etiraz edəndə, rütbəsindən asılı olmayaraq, o düşünəcək ki, yox, pulsuz bura çıxmısansa, dəlisən, başın xarabdır. Əgər sən demokrat kimi onu mübahisədə udursansa, o dərhal yenidən mitinq meydanındakı özünə qayıdır, səni poqonu ilə hədələyir, susdurmağa çalışır. Bütün bunlar, bir sözlə, “yaxşı oğlan” olmaq iddiası bir şeyə görədir. Köləliyinin qarşısında ona verilən üç yüz manatı itirməmək, sonra təqaüdə çıxmaq və kuralları ilə bir ömür boyu xoşbəxt qul kimi yaşamaq. Bu, onun yazılmamış hekayəsidir.
Bu, əslində bədbəxtçilikdir, miskinlikdir.
Düzdür, hərdən istisnalar da olur. Olur ki, polis geyimində başqa bir sima ilə rastlaşırsan. Gerçəklikləri dərk edən, həmkarlarının etdiklərinə utanaraq susan Azərbaycan polisi. Ancaq bu obrazlara da ümid etmək səhvdir. Bu iyrəncliklərdən uzaq olmaq üçün onlar sistemdən imtina edə bilərlər, prezidentin 700 minlik iş yerinə aid olan özəl bir işlə təmin oluna bilərlər, vəkillik edərlər. Istəmirlər, yanlış səfdə yer alırlar.
Nəhayət, polis bizə qarşı kobud olduqca, biz də onlara qarşı ayıq olmalıyıq. Qardaşlıq çoxdan bitmişdir.


0 comments to "Xalqdan olmayanlar"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters