Gəncliyi aldatma proqramı

Ilham Əliyev gənclərlə görüşdü. Əliyevin hazırlanacaq proqramla bağlı ümumi formanı ifadə edən və bu günədək dəfələrlə səsləndirilmiş fikirləri məndə həmin sənədlə bağlı aydın təsəvvür yaratdı. Hər dəfə dediyimiz və hamımızın yaşadığı problemləri ümumi halda sadalamaq hələ onları həll etmək deyil. Ona qalsa, “Gənclər siyasəti haqqında” qanun ən real mexanizmdir. Sadəcə, qanunun gerçəkləşdirilməsi üçün iradə və istək olmalıdır. Bu da təxminən ölkə başçısının Qarabağla bağlı çıxışlarında düşmənləri hədələdiyi Lazım kimi bir şeydir, yəni, gələcəyinə, dadınıza çatacağına  inanmayın.
Ilham Əliyevin gənclərin məşğulluğu ilə, inkişafı sahəsindəki problemləri orada sürətlə qeyd aparan həmyaşıdlarla dəfələrlə müxtəlif debatlarda səsləndirmişik, yazmışıq. Indi nə oldu? Biz deyəndə çiçəklənən, güllənən gələcəkdən danışırdız, problemləri şişirtdiyimizi deyirdiniz. Gərək prezidentiniz etiraf etsin, sonra inanasız?
Hər kəs bu görüşün motivini dəqiq bilir. Avtoritar düşərgə müxalifətin fəallığından və xalqla eyni mövqedən çıxışından sonra xalqa doğru bir addım irəli (yumurtanı ucuzlaşdırmaq), iki addım geri (imitasiya və yalan) hərəkətliliyinin davamıdır. Azərbaycan hakimiyyətinin kəramətinə az-çox bələd olanlar bilir ki, yüz belə proqram hazırlansa da problemlər həll olunmayacaq, əksinə hər yeni proqram korrupsiyanı bir az da çiçəkləndirəcək. Ötən illərdə də belə bir proqram hazırlanmışdı. Onun da kökündə 2005-ci il seçkilərində demokratik düşərgədə ona yaxın yeni gənclər təşkilatının yaranması, xeyli sayda gəncin “Azadlıq bloku”nun xəttini dəstəkləməsi idi. O zaman da, indi də məqsəd Azərbaycan gəncini aldatmaqdır, ovundurmaqdır. Yoxsa niyə ötən illər ərzində ali məktəbə qəbullar zamanı iki il ard-arda əlli-altmış faiz 200-dən artıq bal toplaya bilmədi? Yaxud niyə işsizlərin, qul bazarlarında dayananların çoxluğunu gənclər təşkil etməli idi? Niyə ölkəni tərk edib qonşu ölkələrdə bir parça çörək üçün hər cür çətinliklərə dözən Azərbaycan gənci olmalı idi? Məhz bundan öncəki proqram da hazirlanmamışdan müxalif gənclər, “yeni fikir”çilər həbsə atılmışdı, universitetlərdən qovulmuşdu (AXCP-dən Turan Əliyev və Sənan Ağacanov), indi müzakirəsi gedən proqram da hələ hazırlanmayıb artıq dörd gənc həbsdədir, üçü ali məktəbdən qovulub, biri xaricdə ikən haqqında cinayət işi açılıb. Hakimiyyət xarakterini dəyişməyib. Problemlərin üzərinə köhnə metodlarla getməkdədir.
Ilham Əliyevin gənclərlə görüşünün özü belə hazırlanacaq Proqram haqda yaranmış şübhələri bir qədər də dərinləşdirdi. O tərkibdəki gənclər müxalifətçi gənclərlə debatda uduzmuşlardır. Dəfələrlə onlara “Əliyev hakimiyyətinin gənclər siyasəti sahəsindəki uğurundan beşini ardıcıl sayın” deyəndə susmuş adamlardır. Saxta mandatla parlamentdə oturanlardır. Belə qrupun Azərbaycan gənci üçün hansısa xeyirli proqram hazırlaya biləcəyinə inanmaq sadəlövlükdür. Ümumlikdə o görüşün əhatəsinə baxanda, birinci şəxsdən ən sonuncuya qədər, demokratik düşərgənin potensialına inamım bir qədər də artdı. Azərbaycan gəncinin hazırkı durumdan qurtarmağının yolu müxalifətin hakimiyyətə qarşı mübarizəsində iştirakdan ibarətdir. Məhz azadlıqlar uğrunda mübarizədə gəncliyin fəal iştirakı Ilham Əliyevin o gənclərlə görüşünü yaratdı.
Bəli, iddiamızda və inamımızda tam haqlıyıq. Əliyev hakimiyyəti özünün ən ağır və son günlərini yaşayır. Artıq ölkənin siyasi gündəliyini müəyyən etmək imkanı demokratik güclərin əlindədir. Hakimiyyətin özü və müxalifətlə bağlı sürtük təbliğatı durumu bir qədər də aydınlaşdırmaqdadır. Yol bizimdir, hərəkət etmək, daha ardıcıl olmaq lazımdır. Biz sıxlaşdıqca, fəallaşdıqca, onlar da xeyli görüşəcəklər, o gənclər də çox sevinəcək. Nəhayət, sonluq olacaq. Bu sonluqda demokrat gəncin qələbə sevincini aydın təsəvvür edə bilirəm...


0 comments to "Gəncliyi aldatma proqramı"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters