Gözəl günlərə gedirik...

Hakimiyyət 2 aprellə bağlı bütün hücumlarıyla bizə göz açmğa imkan verməməyə çalışır. Kiçikdən böyüyə qədər hamını çağırıb dindirməyə çalışırlar. Içlərindəki hədsiz narahatlıqla total qorxu yaratmaq istəyirlər. 2003-cü ilin 16 oktyabrından sonrakı durğunluğu yaradıb bir müddət də rahat talançılıq etməkdir.
Bununla belə, bizim qarşımızda alçaq həqiqətlərlə tək qalıblar. Bu hakimiyyəti qoruyacaq yeganə qüvvə kimi polis qalıb. Rejimin demokratik düşərgəyə qarşı olan hər arqumenti, əslində, iftiraları artıq işləmir. Qurşaqdan aşağı zərbələr də sürətlə özlərinə qarşı çevrilməkdədir. Hakimiyyətin ən yüksək səviyyədə olan etirafları, verilmiş qərarları sadə azərbaycanlı tərəfindən gülüşlə qarşılanmaqdadır.
Biz nə etməliyik? 20-ci əsrin əvvəllərində Almaniya sosialistlərinin mahnısında deyilirdi: “Sənin qüdrətli əlin istəsə, bütün çarxlar dayanar”. Xalqın qüdrətli əlini  qaldırmalıyıq. Indi bizdə də hər kəs bilir ki, bu əl qalxmalıdır, bununla da rejim bitəcək. Rejim də bunu anladığı üçün həmin əli buxovlamaq istəyir. Bir tərəfdən açıq şəkildə bizə qarşı tərbiyəsiz muzdlu dəstələrdən istifadə edir. O biri tərəfdən xalqa qarşı kampaniya xarakterli addımlar atır, utanmaz-utanmaz xalqı aldadaraq antikorrupsiya elan edir, qiymətləri endirir, yaxşı günlər vəd edir. Əslində isə, bütün bunlar vətəndaşı ələ almaq üçün yarımçıq və nəticəsiz işlərdir. Çünki xalqa hər şey verilsə də, xalqın heç nəyi yoxdur. Ərəb inqilabları azərbaycanlılara Ilham Əliyevdən yalnız vədlər verdirdi. Pərdələmələr, etiraflar, vədlərlə xalqı doydurmaq mümkün deyil. Buna əmin olub nə etməliyik?
Biz yarımçıq imkanlarla meydana çıxmalıyıqmı?
Qüdrətli əli hərəkətə gətirmək üçün, “dayandınız” deyə, səslənən məsxərələri qulaqardına vurmaq lazımdır. Hakimiyyətin təlxək sifətlərini eşitməmək, dinləməmək lazımdır. Təmkinlə, soyuqqanlı davranmalıyıq. Bizim fəaliyyətimiz, qərarlarımız Azərbaycan xalqına hesablanmalıdır. Dünya bizə bu xeyirxah işdə dəstək vermək istəyirsə, o bunu hər zaman edəcək, etməlidir. Siyasi strukturlar böyük təşkilatçı qrupunu yaratmalı və hərəkətə gətirməlidir. Bu təşkilatçılıq ənənəvi olmaqla yanaşı, həm də internet təşkilatçılığı olmalıdır. Milyonların çalışdığı zavodlar, fabriklər, on minlərin yaşadığı tələbə yataqxanaları yoxdur, əvəzində yüz minlərin “yatıb-durduğu” sosial şəbəkələr var.
Əgər onlar bizi hələ də üstələyirsə, həm də günahkar özümüzük. Sistemsizliyi, tənbəlliyi, zamanı boşa verməyi prinsiplərə xəyanət kimi qiymətləndirmək zamanıdır. Hamımız Böyük və Xoş günlərə tələsirik. Ancaq bu bizə mane olursa, məqamı düzgün qiymətləndirməyib dalana dirəniriksə, çox tələsənlərə yol vermək lazımdır, getsinlər.
***
Ruslan Bəşirlinin 33 yaşı tamam oldu. Ona qarşı dövlət çevrilişinə cəhd ittihamı irəli sürülmüşdü. Ermənilərlə əlaqədə suçlayırdılar onu. O zaman bu hay-küy ortaya çıxanda bir çoxları hakimiyyətin növbəti komediyasını başa düşsə də, bütün ölkə boyunca aparılan iyrənc təbliğatın qarşısında adamlar susurdu. Bəziləri buna görə bizi qınayırdı da. Çətin vaxt idi. Zaman keçib, illər ötüb, amma hakimiyyət yenə də eyni cür davranmaqdadır. Martın 11-də aksiya keçirməyə hazırlaşan müstəqil gənclərə qarşı təxminən eyni mövqe sərgiləndi. Əli Əhmədov, Abel Məhərrəmov və başqa hakimiyyət sifətləri hakimiyyətə talançı, oğru siyasətinə görə etiraz edən gəncləri ermənilərə qarşı mübarizə aparmamaqda suçladı. Rejimin sürtük təbliğatçıları olan bir sıra televiziyalar “Facebook”da elan olunmuş “11 Mart - Böyük Xalq Günü” tədbirinə qoşulmuş “erməni”ni taparaq gəncliyi gözdən salmaq istədi.
Bu hadisənin üzərindən altı il ötüb. Yenə də hakimiyyət ona etiraz edənlərə qarşı mübarizədə eyni ittihamlardan istifadə edir. Dəyişmirlər, düzəlmirlər. Qaragüruhçuluqları davam edir. Çarəsinə baxmalıyıq...


0 comments to "Gözəl günlərə gedirik..."

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters