Əli Kərimli gənclərlə görüşdü, İlham Əliyevin yadına gənclər düşdü

Bu da belə.. Əli Kərimli gənclərlə geniş bir görüş keçirən kimi İlham Əliyevin yadına gənclər düşdü, gənclər fondu yaratdı. Bunu əvvəl niyə etmirdi? Xatırladıram, 2005-2009 Gənclər proqramın 2005 parlament seçkiləri ərəfəsində gənclər fəal olduğu zaman qəbul edildi, hazırkı 2011-2015 Gənclər proqramı isə mart-aprela ayında gənclər aksiya keçirəndə, AXCP martın 29-da gənclərlə görüş keçirib sıralarına yeni gənclər qəbul edəndə qəbul olundu.


Mənbə: http://www.qafqazinfo.az/news.php?id=9539
Əli Kərimlinin gənclərlə görüşüşndən : http://azadliq.info/index.php?option=com_content&view=article&id=11578%3Acxn-meydanlara-v-duenyaya-goestrin-ki&catid=293%3Asyas&Itemid=457

Read more


“Əziz Vlad! ”Ərəb baharı" sənə yaxınlaşmaqdadır"


   Stalin ölümündən iki həftə əvvəl, Hindistan səfiri ilə söhbət zamanı qəfildən anlaşılmaz, sirlə dolu bir ifadə işlətmişdir: “Canavar mənim qanıma susayıb, həndəvərimdə dolaşır, canavarı məhv etmək lazımdır.”  Şərhlərə görə Stalin canavar deyəndə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarələrinin agentlərini nəzərdə tuturmuş. O illərdə siyasi karikaturalarda MİK-in agentləri canavar kimi təsvir olunurmuş.
Bunu xeyli vaxt öncə oxumuşdum, Rusiyanın baş naziri Putinin mitinqçilərlə bağlı deyimindən sonra xatırladım. Azərbaycan rəhbərliyi kimi (daha dəqiqi, bizimkilər ordan öyrənir) Rusiya rəhbərliyi də seçki saxtakarlığına qarşı baş qaldırmış narazılığın səbəbini xaricdə axtarır. Aksiyaların başqa ölkələrdə olmuş dəyişikliklərin oxşar ssenarisinin təkrarı kimi xarakterizə edir. Ona görə Stalinin canavarlardan qorxusun xatırladım ki, bəlkə də onun ölümün MKİ-si ilə əlaqəsi olmayıb. Hər kəsdən, hər şeydən şübhələnən Stalin və özünün düz etmədiyini, aksiyaların başlıca səbəbkarı özü olan və başqalarından şübhələnən Putin...
Rusiya gözlənilməz oldu. Putinin sifəti kimi boz, avtoritar və azərbaycanlılar üçün (həm iqtidardakılar, həm də çörək qazanmaq üçün ölkədən qaçanlar üçün) xeyli dərəcədə məhçur olan bu ölkədə 12 illik fasilədən sonra kütləvi və polislə qarşıdurma ilə nəticələnən aksiyaların, etirazların baş verməsi gözlənilməz oldu. Rusiya Azərbaycan üçün çox şey deməkdir. Tarixi bağlılıq, hakimiyyətdəkilərə dayılıq, yoxsullarımız üçün iş yeri, millətçilər üçün əli qana batmış düşmən, müxalifət üçün avtotarizmin qalası. İndi isə Rusiya azərbaycanlı demokratları üçün xoş rüzgarlar əsən, hakimiyyət üçün qan qaraçılıqla izlənilən məmləkətdir.
Bir müddət öncə yazıçı Rafiq Tağının yas mərasimində AXCP sədri Əli Kərimli “Rusiyanı diqqətlə izləyin, orda ciddi  hadisələr olacaq” deyəndə qısa zaman sonra Rusiya demokratlarının məni bu qədər ruhlandıracağını ağlımdan keçməmişdi.
Rusiyadan niyə ruhlanmışam?
Birincisi, Ben Əlinin, Hüsnü Mübarəkin, Qəzzafinin süqutu kefimizi açsa da, içimizdə hər birimiz ərəb ölkələrinin fərqli olduğunu, sadəcə demokratiyanın yayılması - tarixi proses olması baxımından Azərbaycanla əlaqələndirirdik. Yüz illərdir Rusiyanın tabeçiliyində olmuşuq , bir çox sahələrdə hədsiz  oxşaq nümunələrimiz var, eləcə də idarəçilik də. Yəni Rusiyada olanların Azərbaycana təsiri sadəcə, tarixi proses baxımından deyil, həm də eyni tip olması baxımından olacaq.   
İkincisi, Ruşaylo növbəti dəfə seçki saxtakarlıqları və mitinq dağıtmaq reseptləri ilə Bakıya gələ biləcəkmi? Gəlsə belə, cənab Ramiz Mehdiyev onun texnologiyalarına inanacaqmı? Məncə, ən pis halda ikinci sualın cavabı “yox”dur.
Üçüncüsü, hər kəsə sirr deyil ki, Rusiya avtotarzimin dayağıdır. Azərbaycanın rusofil hakimiyyətinin “dayısıdır”, tətbiq etdiyi texnologiyalar ordan gəlir, avtotarizmin qalasıdır, “suveren demokratiya”nın banisidir.
Rusiya bizi ruhlandırdığından daha çox hakimiyyəti ruhdan salır. Hakimiyyətdəkilərin güvəndiyi dağlara qar yağır artıq. Hətta rus demokratlarının 10 dekabr mitinqi alınmasa belə, uçunma başlayıb.

Read more


Məhbəsdəki Gənc

Ötən gün “Azadlıq”ın sonuncu səhifəsində oxudum ki, Mayamidə 41 ildir su parkı nümayişlərinə görə həbs olunan balinanın sərbəst buraxılması üçün təbiətsevərlər bir milyon pul yığıb. Bizsə ölkəsinin yaşamağa əlverişli olması üçün mübarizəyə qalxmış, sonra şərlənərək həbsə atılmış Elnur Məcidlini həbsxanada təbrik etməyə hazırlaşırıq. Heç də xoş paradoks deyil. Dünyanın bir guşəsində insanlar heyvanların xoşbəxtliyi üçün fədakarlıq edir, dəridən-qabıqdan çıxıb pul toplayır, sənin ölkəndə isə namuslu gənclik məhbəsdə ad gününü qeyd edir. 
Dekabrın 10-da, Beynalxalq Insan haqları günündə AXCP Gənclər Komitəsinin Ictimai Əlaqələr üzrə koordinatoru, 2 aprel məhbusu Elnur Məcidlinin 22 yaşı tamam olur. Çox istərdim ki, balinanın azadlığı və Elnur Məcidlinin həbsxanadakı doğum günü haqda xəbəri Ilham Əliyev oxusun, bu xəbərdən onun üzündə yaranmış ifadəni Zahid Oruc təsvir etsin... 
Elnur Məcidli kimdir? Elnur Məcidli şüşə qırmaqda ittiham olunur. O, qırıb-dağıdan təbiətli biridirmi? 
Elnur 2010-cu ildən AXCP GK-nin üzvüdür. Komitənin fəal rəhbərlərindən biridir. Təmkinli bir gəncdir. Bir polis mayorunun şərinə görə, aptekin şüşəsini qırıb. Ümumiyyətlə, qırmaq, dağıtmaq kimlərə məxsus haldır? O adamlara ki, onların təbiəti naqisdir. O adamlar dağıtmağı, sındırmağı bacarır ki, onlar bədbəxtdir, gələcəyə ümidsiz baxırlar, xoş sabah onların vecinə deyil. Qurmaq, yaratmaq onların ağlına da gəlmir. Öz hisslərini təmin etmək, zövq almaq üçün məhv etməyi, sındırmağı sevirlər. Elnur belə biridirmi? Elnur xoş, gözəl günlər üçün Xalq Cəbhəsinə qoşulub. Azad gələcəyi gətirmək, yaratmaq naminə mübarizəyə atılıb. O adamlar mübarizə aparır ki, onlar nikbindir, gələcəyə, hər şeyin yaxşı olacağına böyük inamları var. Onlardan biri də Elnurdur. O, 2 aprel aksiyasının iştirakçısıdır. 2 aprel mitinqinə çıxanlar nə istəyirdi? Ən az halda ölkənin talan olunmamasını, büdcənin dağıdılmamasını, kasıbçılığın azərbaycanlıları sındırmamasını istəyirdi. Bütün bunları “azadlıq” şüarında birləşdirib ifadə edirdilər, “diktaturaya yox”, “istefa” şüarında səsləndirirdilər. Sonsuz bir nikbinliklə polisin dəyənəyi üstünə gedən 22 yaşlı gənc kiminsə sərvətini dağıtmaq, kiminsə aptekinin şüşəsini qırmağı xəyalına da gətirməzdi. 
Elnur Məcidli həbslə geri qaldımı? 
Öz taxt-tacını dəyənəkkimilərin üzərində qurmuş hakimiyyət gəncləri həbsə atanda təkcə qorxu yaratmağı düşünmür, məncə. Həm də gəncliyin inkişafdan qalmasını, yerində saymasını istəyir. Təkcə zindanda olanın inkişaf etməyəcəyini yox, həm də başqalarının bu cəzadan qorxacağını, yerində sayacağını düşünərək o addımı atır. Elnur geri qalmayıb, əksinə. Ötən həftələrdən birində E.Məcidlinin Apelyasiya Məhkəməsində çıxışını dinləyəndə yadıma elə bu ilin martın 29-da AXCP GK-nin partiya sədri ilə birgə böyük toplantısındakı nitqini xatırladım. Toplantıda həyəcanla, bir qədər rabitəsiz, bir qədər ümumi sözlərlə çıxış edən Elnurun məhkəmədə ona hökm çıxaracaq hakimlərə, dostlarına, valideynlərinə müraciəti nə qədər kəsərli idi. Seymur Baycan demişkən, hər fikrinin arxasında kitab dayanırdı. Həbsxanada oxuduğu kitablar. 
Elnuru doğum günündə tək qoymamaq istəyirik. Dostları yanında olmasa da, ona ünvanlanacaq təbriklərinin həbsxanada Elnurla olmasını istəyirlər. Bunun üçün facebookda 6 günlük “Məhbəsdəki gənc” kampaniyası başlamışıq. Məktubu hansı ünvana yazmağı orda qeyd etmişik. Içindən gələn hər kəsin 17 saylı Cəzaçəkmə müəssisəsinə, Məcidli Elnur Arzuman oğluna təbrik yazmasını istəyirik. Siz də bir məktub yazın, onu, məhbəsdəki gənci təbrik edin.
Günəşə doğru
Əslində Elnur, sənə doğum günün üçün məktub yazmaq istəyirdim. Bunu yazmaq qərarına gəldim. Uzun illər dəmir barmaqlıqlar arxasında yaşamış böyük Nazim Hikmətin “Günəşi içənlərin türküsü” şeirini:
Nərdivanlarımızın cəngəlini
Ulduzlara asaraq    
Ölülərimizin başlarını  
basaraq 
yüksəlirik
Günəşə doğru!
Ölənlər döyüşərək ölürlər;
Vaxtımız yox onların 
matəmini tutmağa 
Axın var
Günəşə axın!
Günəşi zəbt edəcəyik
Günəşin zəbti yaxın!

Read more


Elnur Məcidlinin atdığı “daş”

Azərbaycan gənclər ölkəsidir. Əhalisinin 2 milyondan çoxu gənclərdir. Bu gəncliyin sayı qədəri də probelmləri var. Bu gəncliyin qənimi təkcə 2009-cu ildə onu Neft Akademiyasında güllə baran edən Fərda Qədirov deyil. Azərbaycan gəncinin qənimi həm də ölkə başçısı İlham Əliyevdir. Bu başçı hər dəfə gəncliyin onun pis siyasətiniə qarşı çıxdığını görəndə iki variantı var. Birincisi, etirazçı gənci şərlətdirirək həbsə atmaq. İkincisi, kağız üzərində qalan, tədbirləri əsasən, ata Əliyevin kursunu öyrənməkdən ibarət olan gənclər proqramını işə salmaq. Onun hər iki variantının adı siyasi yamanlıqdır. Bir müddətdir ki, Əliyevin qənimi olduğu gənclərin məhkəməsi gedir. Onlardan birinə iş oxunub, Elnur İsrafilova. O birilərininsə şərlə həbsə atılması üçün məhkəmə komediyası davam edir. Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyevlə birgə böhtanla üz-üzə qalanlardan biri də Elnur Məcidlidir. AXCP  Gənclər Komitəsinin koordinatoru Elnur Məcidli. Onun üzünə duran Namusdur. Yanılmayın, sadəcə adı Namusdur. Polis zabitidir. Bəlkə valideynləri ona bu adı seçiblər ki, övladları namuslu olsun. Nə fayda? Adını xarakterində daşımayan bu polis Elnur Məcidlini daş atmaq da suçlayır. Deyir, Elnur aptekin şüşəsin daşla qırıb. Elnur daş atandırmı? Elnur daş atmayıb. Ancaq Elnurun gəzdirdiyi bir daş var ki, o sifarişli məhkəmələrin ədalətsiz qərarlarından daha möhkəmdir.  Kamyunun Sizifi hər dəfə azman bir daşı uca təpəyə qaldırırdı, daş diyirlənirdi və o yenidən daşı təpəyə qaldırmaq üçün cəhdlər edirdi. Və buna görə, ümidsiz, ancaq ucalığa qalxmağa görə Sizif özünü bəxtiyar sanırdı. Bilmirəm, bu mifi xatırlamaq nə qədər doğru idi. Ancaq Elnur və onun kimilər ümidsizlərdən deyil. Elnur gerçək biridir. Onun istəkləri də gerçəkliklə tam üst-üstə düşür. Dünya dəyişir. Dünyanın dörd bir yanında Elnurların istəkləri həyatiləşir. Elnur sadə istəkləri olan, Azərbaycan gəncinin xoşbəxt, rahat, azad yaşamaq istəklərini ifadə edən bir gəncdir. Onun istəkləri hansısa şəxsə qarşı deyildi. Nə Namusa qarşı, nə də namus kimi polisləri himayə edən İlham Əliyevin şəxsinə qarşı idi. Elnurun tələbləri pis idarəçiliyin, dövlətin ədalətlə idarə olunması, insanlığın acgöz məmurlar tərəfindən ayaqlar altına atılmasına qarşı idi. Onun niyyətləri sadə azərbaycanlı gəncininin məişətdə hər gün üz-üzə gəldiyi çətinliklərin dəf olunması üçündür. Bu, yaxşı təhsil almaqdır, fikirlərini azad ifadə etməkdir, işlə təmin olunmaqdır, qanunların işlədiyi dövlətin vətəndaşı olmaqdır. Nə Elnurun, nə də onunla bərabər həbsdə olan hər bir gəncin, həbsdə olmayıb savaşı həyat tərzinə çevrənlərin Dubayda mülk sahibi olmaq iddiası yoxdur. Ya da onların, Elnurun “filankəslə irəli” deyib, boyun əyib nələrisə asan qazanmaq fikri yoxdur. 
Elnurun istəkləri gözəl və nəcibdir. Onu bu gün axmaqcasına mühakimə edənlərin istəklərinin fövqündədir. Öz ölkəsində tüfeyli kimi mühakimə edilən İosif Brodski deyirdi ki, siyasi yamanlıq insanın ən gözəl, ən zəngin duyğularını məhv edir. Bu gün Əliyevlərin etdiklərinin adı sadəcə, siyasi yamanlıqdır, pislikdir. Ancaq bu son deyil. Son pislik edənlərindir. Dünən əlçatmaz olan diktatorlar bu gün xərəklərə uzadılıb ədalət mühakiməsinə gətirilir, ən hündürdə dayanıb insanlara hökm edən başqa bir diktator siçan deşiyində gizlənir.

Read more


Azərbaycan hakimiyyətinin Eurovision gedişi

Bakıda Eurovisionın keçirilməsi gündəlik mövzuya çevrilməkdədir. Artıq istər-istəməz bütün söhbətlərin, müzakirələrin sonu evisionun gəlib çıxır. Eurovisonun ölkəmizin həyatında hansı rolu oynayacağı bəlli olmasa da, hökumətin hazırlıq davranşıları maraq doğurur. 
Eurovision hazırlığı ilə bağlı ilk eşitdiyim 2 aprel mitinqçilərinin məhbuslarının məhkəməsi zamanı oldu. Məhkəmə zamanı Səbayel məhkəməsinin önünüdəki parkda çayçıda polis zabitinin tabeçiliyindəki başqa polislərə ingilis dilini öyrənməklə bağlı kursa hazırlaşın tapşırığı verməsi eşitdim.Ikinci hazırlıq xəbərini taksi sürücülərinin ingiliscə öyrənməsi oldu.Üçüncü xəbəri ana təbiət özü gətirdi. Bütün Səbayeli altına alan, ətrafı bürüyən qatı  toz dumanı ilə. Toz Eurovisionun keçiriləcəyi yerdə başlanmış söküntü-tikintidən yaranmışdı.
Bəlkə də bu hazırlıq işləri Azərbaycan kimi ölkədə normaldır. Əsas olansa  Eurovisiona hazırlığın əslində özündə nəyi ehtiva etməsidir. Ölkənin qüssəli görkəmini, pis siyahılara öncüllük etməsini dəyişəcək hazırlıq işləri əvəzinə  əlahəzrət hakimiyyət öz sevimli peşəsinə- tikinti söküntü işlərinə qərar verdi.İllərdir hakimiyyətin dəyənəyi rolu oynayan  polisin- cəza dəstəsinin ingiliscəni öyrənməsi nəyi dəyişəcək ki? Hələ ingiliscə danışmaq  həmin dildə danışan polisin mədəniyyətinə sahiblənmək deyil. Belə olsaydı, haqqında “bir neçə dil bilir, hər şey yaxşı olacaq” deyilən İlham Əliyev 2003-cü ildə sonra Azərbaycanı Avropanın bir parçasına çevirərdi. Məhz, hörmətli prezident özü bu illüziyanı dağıtdı və hamıya, ona ümidlənən hər kəsə sübut etdi ki, dil bilmək hələ demokrat, çağdaş olmaq deyil. Indi də bu adamlara lap istəyirsiniz quş dilini, Süleyman dilini öyrədin. Nə faydası?! 
Ötən günlərdə 288 nömrəli avtobusda gedərkən Neft Şirətinin yaxınlığındakıdakı dayanacaqda avtobusa anası ilə birlikdə gənc və gözəl bir qız mindi. Maşının sürətli təkanından yerində az qala yıxılacaq dərəcədə yellənən gözəl xanım əsəblə “eurovision keçirirlər, avtobuslarına bax” dedi. Bunu hələ ölkənin axmaq qaydalarına öyrişmişlər deyir, görün, sivil avropalı bu hallara nə deyəcək?  Taksi sürücülərinə  ingilis dili öyrətməkdənsə Ziya Məmmədovun sürücülərinə normal avtomobil idarə etməyi öyrədin. 
Cənablar, yarışmaya gələn əcnəbilərə Azərbaycanı gözəl təqdim etmək  ingiliscə danışan polislərlə, sürücülərlə, prezidentlə  və gözəl bir bina ilə olmur.Bütn bunlar Bakını  gözəl, xoşa gəlimli etmir. Siz bunu anlamırsınızmı? Yoxsa avropalıların hamısına rüşvət verməklə onları məmun edəcəkələrini mümkün bilirsiniz? Axı Avropadan, Amerikadan gələnlər başına torba keçirib bədbxt etdityiniz azərbaycanlılar deyil ki, ADNA-dakı qanlı qırğınının üzərindən keçirdiyiniz gül bayramına girmişcə gəlib bahalı çiçəkləri seyr edib sonra kasıb daxmalarında susduqları kimi sussunlar? Bəlkə planda var ki,  Hacıbala Abutalıbovu yarışmanın keçiriləcyi məkanın önündə çadırda yatırtmaqla  avropalılara bir performans göstərsinlər?  
Özünüzə çox əziyyət verməyin. Eurovisionun keçiriləcəyi yerdən bir qədər aralıda-Səbayel məhkəməsində aparılan ədalətsiz, sifarişli məhkəmə prosesləri Azərbaycanla bağlı hər şeyi açıq deyəcək. 19 yaşlı Cabbarı şərləməyənizi Eurovision qalibi olduğu zaman dünya mediası necə qulaqlarda səsləndirmişdi? Yadınızdan çıxmayıb ki? Siz avropalının məmnun sifətni, tərifini eşidə bilməyəcəksiz. Ruslandan Bəxtiyara qədər şərlədiyiniz bütün gənclərin adları, siyasi məhbusların adları qulaqlarınızda cingildəyəcək. AzTV-nin təbliğatı ilə, gur işıqlı, mərmərlli parklarla, lentləri bir ölkə boyu kəsilən keçidlərlə, uçub dağılan körpülərlə Azərbaycan xalqını aldada bilməməsiniz, uğursuzluğunuzun təntənəsini hər gün yaşamısınız, bunu Eurovision da sizə yaşadacaq.
Əslində bütün bunlar-hakimiyyətin öz vətəndaşlarını və dünyanı aldada bilməyəcəyi tez-tez yazılır. Sosial şəbəkələrin istifadəçiləri, yazarlar bu xatırlatmaları vaxtaşırı hakimiyyət üçün edir. Mənim üçün burası daha maraqlıdır. Doğurdanmı, İlham Əliyev və ya başqası, ya nazirlər, ya hakimiyyət komandasının başbilənləri bunların fərqində deyil? Axı Şərqin əli silah tutan diktatorları ard-arda yıxılır, boyunlarına kəndir sarınır, qəfəslərə salınır. Axı bu yıxılmalar qarşısı alınmazdır, heç bir möcüzə pis idarəçiləri xilas edə bilməz.

Read more


Müxalifətin görünən uğuru

Müxalifət bir çox hallarda uğursuzluğa görə yerli-yersiz ittiham olunur. Əlbəttə, müəyyən zaman keçməsinə baxmayaraq, müxalifət qarşısındakı ali məqsədə çata bilməyib. Ancaq son bir il ərzində demokratik düşərgə aydın görünən uğurlara imza atıb. Elə ötən ilin müvafiq dövrü ilə bu günün arasındakı fərq də demokratik düşərgənin daha güclü, daha fəal və təşkilatlanmış olduğunu ortaya çıxarır. Hakimiyyət hər il verdiyi vədləri unutduğu halda, müxalifətin cəmiyyətə seçkidən sonra yüksələn xətlə davam etmək vədi özünü doğrultdu.
Sonuncu parlament seçkisindən sonra ölkənin siyasi gündəliyini demokratik qüvvələr yaradıb, hakimiyyət isə müxalifətin fəaliyyətini məhdudlaşdırmaqla məşğul olub. Ötən il müxalifət cəmiyyətə birlik mesajını verdi. Konkret olaraq, AXCP və Müsavatın vahid partiyada birləşməsi ideyası gündəmə gəldi. Bəlli səbəblərdən bu formada birlik baş tutmasa da, müxalifətin aparıcı hissəsi və cəmiyyətin partiyalarda təmsil olunmayan kəsimi birlikdə Ictimai Palatanı yarada bilib, hazırda bu qurumun rayonlar üzrə təsisi gedir.
Yaxın günlərdə 22 yaşını tamamlayacaq AXCP 2011-ci ili “təşkilatlanma ili” elan edərək sıralarını xeyli genişləndirə bilib. Ümumilikdə, həm təşkilati, həm də fəaliyyət baxımından demokratik düşərgə ötən bir il ərzində orta səviyyəli uğurlara imza ata bilib. Təbii ki, çatışmazlıqlar, erkən addımlar da olub. Ancaq başlıcası budur ki, müxalifət ötənilki deyil. Onun yenidən susqun duruma qayıdacağı da gözlənilmir. Ictimai Palatanın son sessiyasından da göründüyü kimi, müxalifət daha təcrübəlidir, daha təmkinli qərarlar verməyə qadirdir.
Siyasi mübarizənin 200-ə yaxın forması olduğu halda, müxalifət uzun zaman ərzində onun çox azından yararlanıb. 2000-ci ildən bəri ötən dövrə baxanda istifadə olunan formalar əsasən, mitinqlər, piketler, vərəqələr yaymaq, aclıq aksiyaları olub. Təbii ki, kütləvi aksiyalar siyasi mübarizənin ən möhtəşəm və effektiv metodudur. Mitinqlər, konkret olaraq, 2 aprel mitinqi son dövrün ən yaxşı etiraz tədbiri idi. Ancaq 2 aprelin effektivliyi o zaman olardı ki, davamlılıq olsun. Siyasi mübarizənin metodları real duruma uyğun seçilməyəndə ilk növbədə ardıcıllıq və yüksələn xətlə davam etmək imkanları pozulur. Indiki durum budur ki, Hüseynbala Səlimovun ifadə etdiyi kimi, kütləvi narazılıq var, ancaq bu, kütləvi etiraza çevrilmir. Inamsızlıq, qorxu rejimə olan aqressiyadan daha çoxdur. Belə olan halda, bu əngəlləri aradan qaldıran metodlara əl atmaq düzgün olmazmı? Nəzərə almaq lazımdır ki, siyasi fəaliyyət yaradıcı yanaşma tələb edir. Yeni texnologiyalar tapmaq mümkündür və bunu yalnız müxalifət liderləri etməməlidir. Hazırda həm partiyalarda, həm də partiyalardan kənarda texnoloqlar var. Onların bacarıqlarından, fikirlərindən istifadə olunmalıdır.
***
“Azadlıq” radiosunun “250 plyus” verilişlərindən birində Ictimai Palata haqda deyilir ki, generalları əsgərlərindən çox olan qurumdur. Bu fikir 19 iyun mitinqindən sonra yaranıb və müəyyən mənada gerçəkliyi ifadə edir. Söhbət Ictimai Palata üzvlərinin hamılıqla aksiyalara çıxmamasından yox, həm də üzvlüklərinin nə qədər səmərəli olmasından gedir. Bununla belə, bu qurum işləkdir. Ən azı, hökumətə verdiyi təkliflər, daxildəki müzakirələr, çəkişmələr və dinamikasıyla Azərbaycan parlamentindən daha cəlbedicidir. Ictimai Palatanın ən üstün cəhəti budur ki, istənilən üzv, bəzən hətta üzv olmayanlar da hansısa icra aparatı tərəfindən, görünməyən əl tərəfindən danışdırılmır. Ictimai Palatada hətta ən gərəksiz, vaxtsız çıxışların da məqsədi səmimi olur, ölkədə köklü dəyişikliklərə nail olmağa yönəlir.
Hazırda Ictimai Palatanın rayonlar üzrə qurulması prosesi gedir. Bu o deməkdir ki, əksər rayonlarda fəal partiya üzvlərinin, partiya üzvü olmayan fəal vətəndaşların resursları birləşir. Məhz bu amil özü imkan verir ki, müxalifət yerlərdə vətəndaşlar arasında təbliğat işini qura bilsin, onların hər gün üzləşdiyi problemlərin səbəbləri, eləcə də müxalifətin bu problemlərin həllinə dair baxışlarını çatdıra bilsin.Nəhayət, Ictimai Palata yersiz emosionallıqdan, pafoslu çıxışlardan yaxa qurtarmalıdır. Adamlar tribunaya qışqırmaq üçün yox, müzakirə və təkliflər vermək üçün çıxmalıdır.

Read more


Hakimiyyətin gəncliyi manqurtlaşdırma siyasəti

Ötən günlərdə “Azad Gənclik” təşkilatının paytaxt sakinləri arasında Respublika Günü ilə bağlı keçirdiyi video-sorğu müzakirə olunurdu. Sorğuda 28 mayın nə ilə əlamətdar olduğu, həmin gün telekanalların efirində kimin fotosunun yerləşdirilməli olduğu kimi suallar qoyulmuşdu.
Sorğuya cavab verənlər arasında həm orta, həm də gənc nəslin nümayəndələri var. Soğru özü də iki yerə bölünüb. Birincidə əsasən, yaşlıların cavabları və mövqeləri konkretdir. Deyiblər ki, 28 may Müstəqillik Günüdür, Rəsulzadə və tərəfdaşlarının adı ilə bağlıdır. Televeziyaların küncünə də Heydər Əliyevin deyil, Məmməd Əmin Rəsulzadənin fotosu qoyulmalıdır.
Ikinci sorğunu cavablandıranlar əsasən, gənclərdir. 17-20 yaşlı gənclər 28 mayın tarixini bilmək bir yana, kamera qarşısında düz-əməlli danışa da bilmirlər. Biri qulaqlarını qaşıyır, digəri üzünü yana çevirir. Bu görüntülər “Facebook”da paylaşıldıqca sosial şəbəkə istifadəçilərində Azərbaycan gəncliyinə münasibətdə bir ümidsizlik əhval-ruhiyyəsi yaranırdı. Bəziləri bundan təəssüflənir, bəziləri “Budur bizim gəncliyimiz!” kimi rəylər yazırdılar.Ilk baxışda bu şərhlərə haqq qazandırmaq olar. Ancaq hər iki videogörüntülərə baxanda adamda sual yaranır: nədən yaşlıların bildiyini gənclər bilmir? Doğrudanmı bizim gənclər bu qədər savadsızlaşıb, bayağılaşıb?
Əlbəttə, bütövlükdə gənclik bu halda deyil. Bir qrup ictimai fəal gənclər var ki, onlar həqiqətləri bilir, bacardıqca ədalətsizliyə, qanunsuzluğa etiraz edir, ölkəsinin dəyişilməsini istəyir və ən əsası, bunun üçün özündən asılı olanları eləməyə çalışır.
Başqa bir qrup ictimai fəallar da var ki, onlar bilərəkdən və ya bilməyərəkdən indidən yalan danışmağı, görə-görə kor olmağı özünə rəva bilir.Ən böyük qrup isə laqeydlərdir. Onlar əzici çoxluq və vecsizlərdir. Onları “07" aşiqləri də demək olar. Eyni zamanda onları ölkədə cidd-cəhdlə yürüdülən gənclər siyasətinin qurbanları da adlandırmaq olar. Onlar ”Azad Gənclik"in sorğularına baxarkən təəssüf yaradanlardır. Biz  onları bu durumlarına görə qınaya bilərik. Düşünürəm ki, gənc olaraq buna haqqımız da çatır hardasa. Ancaq daha böyük günahkarlar var. Onların kimliyini bilmək üçün dövlətin öz vətəndaşlarına münasibətdə seçdiyi tərbiyə üsuluna, hər gənc azərbaycanlı üçün cızılan istiqamətə qısaca nəzər yetirək.
Azərbaycan gənci uşaq yaşlarından dövlətin psixoloji informasiya zərbələrinə məruz qalır. Ilk zərbəni onlar uşaq bağçalarında alır. Bizim uşaq bağçalarındakı vəziyyəti təsəvvür edirsiniz də... Içəri girən kimi divarda Heydər Əliyevin şəkli, rüşvətxor bağça direktoru, uşaq tərbiyəsindən xəbəri olmayan, analoqsuz televiziyaların daimi izləyiciləri olan tərbiyəçilər. Bağça məktəbəqədərki təhsil müəssisəsidir. Uşaqlarda ilkin vərdişlər yaradılmalıdır, ona müəyyən biliklər verilməlidir. Bizdə  isə bağçaya gedən uşaq elə ilk gündən Heydər adlı babasının olduğunu öyrənir, bağçada nə üçünsə pul yığıldığının şahidi olur. Ümumi mənzərə budur.
Bununla da uşaq məktəbəqədərki ilkin ictimai tramvanı alır. Növbəti mərhələ məktəbdir. Burada uşağın beynində “Heydər mənim babamdır” təlqini möhkəmləndirilir. Oxumaqsa, evdəkilərin tələblərini yerinə yetirmək üçündür. Məktəb həm də də universitetə qəbul olunmaq üçündür. Azərbaycan məktəbi rüşvət alıb-vermək üçün praktika kursudur. Yəni bu müəssisələrin vətəndaş hazırlamaq, yetişdirmək kimi funksiyaları yoxdur. Adi insanlıq dəyərlərini təbliğ etmək gücündə deyil.
Təbii ki, orta məktəblər universitetlərə tələbə hazırlamaq imkanında da deyil. Belə olmasaydı, son iki ildə abituriyentlərin təxminən 50-60 faizi 200-dən aşağı bal toplamazdı.
Bütün bunlarla yanaşı, bağçanın, məktəbin “öyrətdiklərini” möhkəmləndirən telekanallardakı manqurt ruhlu verilişlər də var.
Bu boyda həngamədən sonra gənc haradan bilsin ki, 28 may hansı hadisə ilə əlamətdardır? Bu günün əsas simaları kimdir?Ola bilsin ki, məni bütün günahları hakimiyyətin üstünə yıxmaqda ittiham edənlər, əslində, günahkarın elə bu gənclərin özləri olduğu iddiasında bulunanlar tapılacaq. Bu fikirdə olanlar mənə izah eləsinlər görək ki, bu dövlətin vəzifəsi nədir? Təhsil Nazirliyi nə üçündür? Bağçaların, məktəblərin əsl vəzifəsi nədir?
Hər doğulan, böyüyən uşaq vətəndaş kimi tərbiyə olunmalıdır. Bu, dövlətin ali vəzifəsidir.
Bu araşdırma əslində, bizim indiyə qədər dediklərimizin həqiqət olduğunu sübut etdi. Əliyev hakimiyyəti ölkədə illərdir beyinsiz, şüursuz nəsil yetişdirmək istiqamətində çalışır. Bunu, suallara müəyyən istisnalarla normal cavablar verən yaşlı nəsil və cavab əvəzinə qulağını qaşıyan gənclərin müqayisəsində də hiss eləmək mümkündür.

Read more

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters