Müxalifətin görünən uğuru

Müxalifət bir çox hallarda uğursuzluğa görə yerli-yersiz ittiham olunur. Əlbəttə, müəyyən zaman keçməsinə baxmayaraq, müxalifət qarşısındakı ali məqsədə çata bilməyib. Ancaq son bir il ərzində demokratik düşərgə aydın görünən uğurlara imza atıb. Elə ötən ilin müvafiq dövrü ilə bu günün arasındakı fərq də demokratik düşərgənin daha güclü, daha fəal və təşkilatlanmış olduğunu ortaya çıxarır. Hakimiyyət hər il verdiyi vədləri unutduğu halda, müxalifətin cəmiyyətə seçkidən sonra yüksələn xətlə davam etmək vədi özünü doğrultdu.
Sonuncu parlament seçkisindən sonra ölkənin siyasi gündəliyini demokratik qüvvələr yaradıb, hakimiyyət isə müxalifətin fəaliyyətini məhdudlaşdırmaqla məşğul olub. Ötən il müxalifət cəmiyyətə birlik mesajını verdi. Konkret olaraq, AXCP və Müsavatın vahid partiyada birləşməsi ideyası gündəmə gəldi. Bəlli səbəblərdən bu formada birlik baş tutmasa da, müxalifətin aparıcı hissəsi və cəmiyyətin partiyalarda təmsil olunmayan kəsimi birlikdə Ictimai Palatanı yarada bilib, hazırda bu qurumun rayonlar üzrə təsisi gedir.
Yaxın günlərdə 22 yaşını tamamlayacaq AXCP 2011-ci ili “təşkilatlanma ili” elan edərək sıralarını xeyli genişləndirə bilib. Ümumilikdə, həm təşkilati, həm də fəaliyyət baxımından demokratik düşərgə ötən bir il ərzində orta səviyyəli uğurlara imza ata bilib. Təbii ki, çatışmazlıqlar, erkən addımlar da olub. Ancaq başlıcası budur ki, müxalifət ötənilki deyil. Onun yenidən susqun duruma qayıdacağı da gözlənilmir. Ictimai Palatanın son sessiyasından da göründüyü kimi, müxalifət daha təcrübəlidir, daha təmkinli qərarlar verməyə qadirdir.
Siyasi mübarizənin 200-ə yaxın forması olduğu halda, müxalifət uzun zaman ərzində onun çox azından yararlanıb. 2000-ci ildən bəri ötən dövrə baxanda istifadə olunan formalar əsasən, mitinqlər, piketler, vərəqələr yaymaq, aclıq aksiyaları olub. Təbii ki, kütləvi aksiyalar siyasi mübarizənin ən möhtəşəm və effektiv metodudur. Mitinqlər, konkret olaraq, 2 aprel mitinqi son dövrün ən yaxşı etiraz tədbiri idi. Ancaq 2 aprelin effektivliyi o zaman olardı ki, davamlılıq olsun. Siyasi mübarizənin metodları real duruma uyğun seçilməyəndə ilk növbədə ardıcıllıq və yüksələn xətlə davam etmək imkanları pozulur. Indiki durum budur ki, Hüseynbala Səlimovun ifadə etdiyi kimi, kütləvi narazılıq var, ancaq bu, kütləvi etiraza çevrilmir. Inamsızlıq, qorxu rejimə olan aqressiyadan daha çoxdur. Belə olan halda, bu əngəlləri aradan qaldıran metodlara əl atmaq düzgün olmazmı? Nəzərə almaq lazımdır ki, siyasi fəaliyyət yaradıcı yanaşma tələb edir. Yeni texnologiyalar tapmaq mümkündür və bunu yalnız müxalifət liderləri etməməlidir. Hazırda həm partiyalarda, həm də partiyalardan kənarda texnoloqlar var. Onların bacarıqlarından, fikirlərindən istifadə olunmalıdır.
***
“Azadlıq” radiosunun “250 plyus” verilişlərindən birində Ictimai Palata haqda deyilir ki, generalları əsgərlərindən çox olan qurumdur. Bu fikir 19 iyun mitinqindən sonra yaranıb və müəyyən mənada gerçəkliyi ifadə edir. Söhbət Ictimai Palata üzvlərinin hamılıqla aksiyalara çıxmamasından yox, həm də üzvlüklərinin nə qədər səmərəli olmasından gedir. Bununla belə, bu qurum işləkdir. Ən azı, hökumətə verdiyi təkliflər, daxildəki müzakirələr, çəkişmələr və dinamikasıyla Azərbaycan parlamentindən daha cəlbedicidir. Ictimai Palatanın ən üstün cəhəti budur ki, istənilən üzv, bəzən hətta üzv olmayanlar da hansısa icra aparatı tərəfindən, görünməyən əl tərəfindən danışdırılmır. Ictimai Palatada hətta ən gərəksiz, vaxtsız çıxışların da məqsədi səmimi olur, ölkədə köklü dəyişikliklərə nail olmağa yönəlir.
Hazırda Ictimai Palatanın rayonlar üzrə qurulması prosesi gedir. Bu o deməkdir ki, əksər rayonlarda fəal partiya üzvlərinin, partiya üzvü olmayan fəal vətəndaşların resursları birləşir. Məhz bu amil özü imkan verir ki, müxalifət yerlərdə vətəndaşlar arasında təbliğat işini qura bilsin, onların hər gün üzləşdiyi problemlərin səbəbləri, eləcə də müxalifətin bu problemlərin həllinə dair baxışlarını çatdıra bilsin.Nəhayət, Ictimai Palata yersiz emosionallıqdan, pafoslu çıxışlardan yaxa qurtarmalıdır. Adamlar tribunaya qışqırmaq üçün yox, müzakirə və təkliflər vermək üçün çıxmalıdır.


0 comments to "Müxalifətin görünən uğuru"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters