Elnur Məcidlinin atdığı “daş”

Azərbaycan gənclər ölkəsidir. Əhalisinin 2 milyondan çoxu gənclərdir. Bu gəncliyin sayı qədəri də probelmləri var. Bu gəncliyin qənimi təkcə 2009-cu ildə onu Neft Akademiyasında güllə baran edən Fərda Qədirov deyil. Azərbaycan gəncinin qənimi həm də ölkə başçısı İlham Əliyevdir. Bu başçı hər dəfə gəncliyin onun pis siyasətiniə qarşı çıxdığını görəndə iki variantı var. Birincisi, etirazçı gənci şərlətdirirək həbsə atmaq. İkincisi, kağız üzərində qalan, tədbirləri əsasən, ata Əliyevin kursunu öyrənməkdən ibarət olan gənclər proqramını işə salmaq. Onun hər iki variantının adı siyasi yamanlıqdır. Bir müddətdir ki, Əliyevin qənimi olduğu gənclərin məhkəməsi gedir. Onlardan birinə iş oxunub, Elnur İsrafilova. O birilərininsə şərlə həbsə atılması üçün məhkəmə komediyası davam edir. Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyevlə birgə böhtanla üz-üzə qalanlardan biri də Elnur Məcidlidir. AXCP  Gənclər Komitəsinin koordinatoru Elnur Məcidli. Onun üzünə duran Namusdur. Yanılmayın, sadəcə adı Namusdur. Polis zabitidir. Bəlkə valideynləri ona bu adı seçiblər ki, övladları namuslu olsun. Nə fayda? Adını xarakterində daşımayan bu polis Elnur Məcidlini daş atmaq da suçlayır. Deyir, Elnur aptekin şüşəsin daşla qırıb. Elnur daş atandırmı? Elnur daş atmayıb. Ancaq Elnurun gəzdirdiyi bir daş var ki, o sifarişli məhkəmələrin ədalətsiz qərarlarından daha möhkəmdir.  Kamyunun Sizifi hər dəfə azman bir daşı uca təpəyə qaldırırdı, daş diyirlənirdi və o yenidən daşı təpəyə qaldırmaq üçün cəhdlər edirdi. Və buna görə, ümidsiz, ancaq ucalığa qalxmağa görə Sizif özünü bəxtiyar sanırdı. Bilmirəm, bu mifi xatırlamaq nə qədər doğru idi. Ancaq Elnur və onun kimilər ümidsizlərdən deyil. Elnur gerçək biridir. Onun istəkləri də gerçəkliklə tam üst-üstə düşür. Dünya dəyişir. Dünyanın dörd bir yanında Elnurların istəkləri həyatiləşir. Elnur sadə istəkləri olan, Azərbaycan gəncinin xoşbəxt, rahat, azad yaşamaq istəklərini ifadə edən bir gəncdir. Onun istəkləri hansısa şəxsə qarşı deyildi. Nə Namusa qarşı, nə də namus kimi polisləri himayə edən İlham Əliyevin şəxsinə qarşı idi. Elnurun tələbləri pis idarəçiliyin, dövlətin ədalətlə idarə olunması, insanlığın acgöz məmurlar tərəfindən ayaqlar altına atılmasına qarşı idi. Onun niyyətləri sadə azərbaycanlı gəncininin məişətdə hər gün üz-üzə gəldiyi çətinliklərin dəf olunması üçündür. Bu, yaxşı təhsil almaqdır, fikirlərini azad ifadə etməkdir, işlə təmin olunmaqdır, qanunların işlədiyi dövlətin vətəndaşı olmaqdır. Nə Elnurun, nə də onunla bərabər həbsdə olan hər bir gəncin, həbsdə olmayıb savaşı həyat tərzinə çevrənlərin Dubayda mülk sahibi olmaq iddiası yoxdur. Ya da onların, Elnurun “filankəslə irəli” deyib, boyun əyib nələrisə asan qazanmaq fikri yoxdur. 
Elnurun istəkləri gözəl və nəcibdir. Onu bu gün axmaqcasına mühakimə edənlərin istəklərinin fövqündədir. Öz ölkəsində tüfeyli kimi mühakimə edilən İosif Brodski deyirdi ki, siyasi yamanlıq insanın ən gözəl, ən zəngin duyğularını məhv edir. Bu gün Əliyevlərin etdiklərinin adı sadəcə, siyasi yamanlıqdır, pislikdir. Ancaq bu son deyil. Son pislik edənlərindir. Dünən əlçatmaz olan diktatorlar bu gün xərəklərə uzadılıb ədalət mühakiməsinə gətirilir, ən hündürdə dayanıb insanlara hökm edən başqa bir diktator siçan deşiyində gizlənir.


0 comments to "Elnur Məcidlinin atdığı “daş”"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters