Məhbəsdəki Gənc

Ötən gün “Azadlıq”ın sonuncu səhifəsində oxudum ki, Mayamidə 41 ildir su parkı nümayişlərinə görə həbs olunan balinanın sərbəst buraxılması üçün təbiətsevərlər bir milyon pul yığıb. Bizsə ölkəsinin yaşamağa əlverişli olması üçün mübarizəyə qalxmış, sonra şərlənərək həbsə atılmış Elnur Məcidlini həbsxanada təbrik etməyə hazırlaşırıq. Heç də xoş paradoks deyil. Dünyanın bir guşəsində insanlar heyvanların xoşbəxtliyi üçün fədakarlıq edir, dəridən-qabıqdan çıxıb pul toplayır, sənin ölkəndə isə namuslu gənclik məhbəsdə ad gününü qeyd edir. 
Dekabrın 10-da, Beynalxalq Insan haqları günündə AXCP Gənclər Komitəsinin Ictimai Əlaqələr üzrə koordinatoru, 2 aprel məhbusu Elnur Məcidlinin 22 yaşı tamam olur. Çox istərdim ki, balinanın azadlığı və Elnur Məcidlinin həbsxanadakı doğum günü haqda xəbəri Ilham Əliyev oxusun, bu xəbərdən onun üzündə yaranmış ifadəni Zahid Oruc təsvir etsin... 
Elnur Məcidli kimdir? Elnur Məcidli şüşə qırmaqda ittiham olunur. O, qırıb-dağıdan təbiətli biridirmi? 
Elnur 2010-cu ildən AXCP GK-nin üzvüdür. Komitənin fəal rəhbərlərindən biridir. Təmkinli bir gəncdir. Bir polis mayorunun şərinə görə, aptekin şüşəsini qırıb. Ümumiyyətlə, qırmaq, dağıtmaq kimlərə məxsus haldır? O adamlara ki, onların təbiəti naqisdir. O adamlar dağıtmağı, sındırmağı bacarır ki, onlar bədbəxtdir, gələcəyə ümidsiz baxırlar, xoş sabah onların vecinə deyil. Qurmaq, yaratmaq onların ağlına da gəlmir. Öz hisslərini təmin etmək, zövq almaq üçün məhv etməyi, sındırmağı sevirlər. Elnur belə biridirmi? Elnur xoş, gözəl günlər üçün Xalq Cəbhəsinə qoşulub. Azad gələcəyi gətirmək, yaratmaq naminə mübarizəyə atılıb. O adamlar mübarizə aparır ki, onlar nikbindir, gələcəyə, hər şeyin yaxşı olacağına böyük inamları var. Onlardan biri də Elnurdur. O, 2 aprel aksiyasının iştirakçısıdır. 2 aprel mitinqinə çıxanlar nə istəyirdi? Ən az halda ölkənin talan olunmamasını, büdcənin dağıdılmamasını, kasıbçılığın azərbaycanlıları sındırmamasını istəyirdi. Bütün bunları “azadlıq” şüarında birləşdirib ifadə edirdilər, “diktaturaya yox”, “istefa” şüarında səsləndirirdilər. Sonsuz bir nikbinliklə polisin dəyənəyi üstünə gedən 22 yaşlı gənc kiminsə sərvətini dağıtmaq, kiminsə aptekinin şüşəsini qırmağı xəyalına da gətirməzdi. 
Elnur Məcidli həbslə geri qaldımı? 
Öz taxt-tacını dəyənəkkimilərin üzərində qurmuş hakimiyyət gəncləri həbsə atanda təkcə qorxu yaratmağı düşünmür, məncə. Həm də gəncliyin inkişafdan qalmasını, yerində saymasını istəyir. Təkcə zindanda olanın inkişaf etməyəcəyini yox, həm də başqalarının bu cəzadan qorxacağını, yerində sayacağını düşünərək o addımı atır. Elnur geri qalmayıb, əksinə. Ötən həftələrdən birində E.Məcidlinin Apelyasiya Məhkəməsində çıxışını dinləyəndə yadıma elə bu ilin martın 29-da AXCP GK-nin partiya sədri ilə birgə böyük toplantısındakı nitqini xatırladım. Toplantıda həyəcanla, bir qədər rabitəsiz, bir qədər ümumi sözlərlə çıxış edən Elnurun məhkəmədə ona hökm çıxaracaq hakimlərə, dostlarına, valideynlərinə müraciəti nə qədər kəsərli idi. Seymur Baycan demişkən, hər fikrinin arxasında kitab dayanırdı. Həbsxanada oxuduğu kitablar. 
Elnuru doğum günündə tək qoymamaq istəyirik. Dostları yanında olmasa da, ona ünvanlanacaq təbriklərinin həbsxanada Elnurla olmasını istəyirlər. Bunun üçün facebookda 6 günlük “Məhbəsdəki gənc” kampaniyası başlamışıq. Məktubu hansı ünvana yazmağı orda qeyd etmişik. Içindən gələn hər kəsin 17 saylı Cəzaçəkmə müəssisəsinə, Məcidli Elnur Arzuman oğluna təbrik yazmasını istəyirik. Siz də bir məktub yazın, onu, məhbəsdəki gənci təbrik edin.
Günəşə doğru
Əslində Elnur, sənə doğum günün üçün məktub yazmaq istəyirdim. Bunu yazmaq qərarına gəldim. Uzun illər dəmir barmaqlıqlar arxasında yaşamış böyük Nazim Hikmətin “Günəşi içənlərin türküsü” şeirini:
Nərdivanlarımızın cəngəlini
Ulduzlara asaraq    
Ölülərimizin başlarını  
basaraq 
yüksəlirik
Günəşə doğru!
Ölənlər döyüşərək ölürlər;
Vaxtımız yox onların 
matəmini tutmağa 
Axın var
Günəşə axın!
Günəşi zəbt edəcəyik
Günəşin zəbti yaxın!


0 comments to "Məhbəsdəki Gənc"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters