Gənclər siyasətinin təqdimatı

Son mitinq bir çox həqiqətləri üzə çıxardı. Hakimiyyətin müxalifətlə bağlı gözləntilərinin puç olduğunu, xalqın müxalifətə inanmaması iddiasının yalan olduğunu tam aşkarlıqla
ortaya qoydu.
Bu arada, daha bir həqiqətin üstünə işıq salındı. Rejimin illərdir həyata keçirdiyi gənclər siyasətinin bəhrəsinin nədən ibarət olduğu ortaya çıxdı. Hakimiyyət böyük cəhdlərlə gənclər siyasəti qurmuşdu. Əvvəllər də dediyimiz kimi, hakimiyyət gənclər siyasətilə bağlı qanunu bir kənara qoyub, özünə uyğun gənclər siyasəti yeridirdi. Bu siyasət bir neçə istiqamətdə mövcuddur:
Birincisi: əhalinin çoxluğunu təşkil edən gəncləri bütün vasitələrlə ictimai dəyərlərdən uzaq tutmaq, gəncliyin düşüncəsini şoular, bayağı əyləncələr, vecsizlik ətrafında formalaşdırmaq;
Ikincisi: siyasi hakimiyyətə qarşı etirazçı mövqeyilə tanınan gənclər qrupunu mümkün olduqca susdurmaq, təqib etmək, həbsə atmaq;
Üçüncüsü: keçici maraqlar naminə ona “hə” deyənləri şirnikləndirici vasitələrlə özünün “buyruqqulu”larına  çevirmək, ən müxtəlif məqamlarda həmin “hə”çilərin fikrini öyrənmədən onlardan istifadə etmək. Məsələn, lazımdırsa, bu gənclər paytaxt sakini rolunda telekanallarda hakimiyyəti tərifləməlidir. Başqa bir məqamda seçkinin nəticələrini hakim partiyanın qarşısında alqışlamalıdır. Hakimiyyətin daha gərgin vaxtlarında onlar hakimiyyətin rəqiblərini təhqir etmək üçün söyüşə başlamalıdır və s.
Bu üç istiqamətli siyasət illərdir böyük zəhmət hesabına həyata keçirilirdi. Hökumətin gənclərlə bağlı bütün proqramlarında, qərarlarında məqsəd, vecsiz, biganə və mütiliklə ona baş əyən, standartlarına uyğun gələn nəsil yetişdirmək istəyi idi. Hakimiyyət öz arzularının gəncliyini yetişdirmək istəyirdi. Bu baş tutdumu? Bu siyasətin nəticəsi varmı?
Nəticə var. 2 aprel mitinqi ərəfəsində, mitinq günü və ondan sonra hakimiyyət gənclik siyasətinin təqdimatını etdi. Təqdimat AXCP sədri Əli Kərimlinin evinin önündə başladı və Müsavat partiyasının binası qarşısında davam etdi. Paralel olaraq televiziyalar Azərbaycan xalqının pulu ilə xaricdə təhsil alanları danışdırmaqla nəticəni olduğu kimi göstərdilər. Say baxımından məhdud olan, keyfiyyətdə isə daha səviyyəsiz formalaşdırılmış gəncləri hər kəs gördü. Hakimiyyət hamıya açıq şəkildə göstərdi ki, onun gənclər siyasətinin hədəfi məhz həmin iki ünvanda toplaşmış adamları yetişdirməkdir. Onun böyütmək istədiyi gənclər belə olmalıdır.
Bəli, heç bir zəhmət nəticəsiz qalmır. Bu, uzun illərin ağır səylərinin, yuxusuz gecələrin bəhrəsi idi. Analoqu olmayan son göstərici idi. Heç kəs, heç bir hakimiyyət bunun öhdəsindən gələ bilməzdi, Əliyevlər hakimiyyəti ustalıqla gəldi. Əli Əhmədovun “11 Mart” aksiyasının iştirakçılarına tənə edərkən arzuladığı gənclər məhz bunlar idi. Onlar Əhmədovun da ümidlərini doğrultdu. Hakimiyyəti qorumaq, onun əbədiliyini təmin etmək üçün belə gənclər böyütmək dünyanın “ən böyük sənət əsəri”dir.
Gerçəkdə isə durum başqadır. Bütün cəhdlər boşa çıxıb. Hakimiyyət, bu qədər geniş resurslarla demokratik düşərgəni istədiyi hala gətirməyi bacarmadığının, əksinə, bu düşərgənin yenidən gücləndiyinin şahidi olduğu kimi, ölkə gəncliyinin fəal çoxluğunun da onun yürütdüyü siyasətə qarşı çıxdığını gördü. Getdikcə daha çox gənc həvəslə demokratik düşərgənin davamçılarına çevrilir. Azərbaycanın həqiqi demokratlarının nəsillərarası əlaqasi tükənmir, davam edir.
Müxalifət növbəti mitinq çağırışını etdi. Bu ərəfədə keçirilən hər aksiya Azərbaycan gəncinin azad və rahat yaşamaq istəyinin ifadəsidir. Öz istəyimizi özümüz deməliyik. Başqaları sizin, bizim ifadəçimiz ola bilməz. Qəlbindəki mübarizə, azadlıq sevginə yer verməlisən. Nə şəxsi həyatımız, nə də həbslər bizi çəkindirməlidir. Təzyiqlər də, həbslər də keçicidir. Bir gün onlar keçmişin xatirəsi olacaq. Qazancımız isə bu gün arzuladığmız Azərbaycan olacaq!


0 comments to "Gənclər siyasətinin təqdimatı"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters