Vətəndaş nümunəsi

Təzə çıxıb, məhkəmənin qarşısında dayanmaq olmaz. Səbəb? Asayişi pozurmuşuq. Əhalinin yuxusun qaçırdırıq. Bu absurd da biz Sumqayıt məhkəməsinin önündə Cabbara dəstək olmaq üçün toplaşarkən kəşf edildi. Sumqayıt polisi iddia edir ki, biz şəhərin 9-cu mikrorayonunda yerləşən məhkəmənin önünə toplaşmaqla yaxınlıqdakı binada yaşayan əhalini narahat edirik. Niyə o əhalinin gəlib bizə etiraz etdiyini görmürük? Əksinə, o insanlar bizə dəstək olur. Yox, həqiqətən belədirsə, o zaman niyə məhkəməni aparıb şəhərdən kənarda tikmisiz?
Vəziyyət acınacaqlıdır. Bizim üçün yox. Bizim istəklərimiz aydındır. Bilirik nə istəyirik. Polisin isə durumu biabırçılıqdır. Ikilikdə, üçlükdə isə əliyevlərdən bezdiklərini, bunlardan çox tezliklə canlarını qurtarmaq istədiklərini deyirlər...
Sumqayıt polisi nə qədər istəsə də biz məhkəmələrin qarşısını boş qoymacağıq. Bu, onların bacaracağı iş deyil. Hər həbs olunanın yerinə daha neçə nəfər gələcək. Bu, bizi yormayacaq. Əksinə, bizim ekstremal hallarda daha güclü, daha inadkar olmaq prinsipimiz var.
Əminəm ki, 25 fevralda bizimlə düşməncəsinə rəftar edən polislər səhv etdiklərini anlayırlar. Ancaq bu onları xilas etmir. Onların bir çıxış yolu var: imtina etmək. Şərin müdafiəçisi olmaqdan boyun qaçırmalıdırlar. Hər halda qərar onlarındır.
Başını qına soxanlar
Sonuncu məhkəmədən sonra hər kəs sürücüdən, onun vətəndaş mövqeyi göstərməsindən danışırdı. Doğrudan da bu, neçə illər ərzində rastlaşdığımız nadir hadisələrdəndir. Həmin sürücü nümunədir. Gerçəklikləri dərk edənlər, həmişə ortada yeyib qıraqda gəzənlər, fürsət düşəndə müxalifəti tənqid edənlər sürücü bəydən dərs almalıdır.
Cabbar Savalanlının məhkəməsinin qarşısına gələnlər kimdir? Əsasən, cəbhəçilər. Maraqlananlar “Azadlıq” qəzetindən məhkəməyə gələnlərin kimliyi haqda oxuya bilər.
Emin və Adnanın məhkəməsini xatırlayıram. Onların məhkəməsinin önünə gələn vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrini biz Sumqayıt məhkəməsində görmürük. Müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, nümayəndələri bloggerlərin məhkəməsinin önündə saatlarla dayanırdı. Baxmayaraq ki, onlar insan haqları sahəsində fəaliyyət göstərmirlər. Hətta ilk vaxtlar onların müdafiəsi ilə bağlı aksiyalar təklif edirdilər. Bizə də “siz siyasiləşdirməyin” deyib sinəmizdən itələyirdilər. Ancaq əlimizdən gələni edirdik, borcumuzu yerinə yetirirdik. Ən azı vətəndaşlıq borcumuzu...
Indi hardadır o ziyalılar, yazarlar? O məhkəməyə gəlirdirlər, bura gəlmirlər...
Məgər Cabbar gənc deyil? Bəlkə o cəbhəçidir deyə gəlmirsiz? Bəlkə cəbhəçi olduğuna görə qorxursuz?
Cabbar Savalanlının Müdafiə Komitəsinin ikinci toplantısına hazırlıq vaxtı aparıcı partiyalardan birinin sədrinə dəvət üçün iki dəfə zəng etdim, mesaj yazdım. Gəlmək bir yana, heç cavab da vermədi. Cabbara saymazyana münasibətinin arxasında nə durur? Yeri gəlmişkən, bir-iki gün sonra həmin lideri başqa gənclər təşkilatının tədbirində gördük.
Çox sevdiyimiz “Azadlıq” radiosundan bloggerlərin məhkəməsinə ən pis halda iki nəfər gedirdi. Cabbar Savalanlı həbs olunandan sonra səhv etmirəmsə, bununla bağlı “Azadlıq” radiosu bir dəfə Sumqayıta əməkdaşını göndərib...
Bütün bunları kimisə ittiham etmək məqsədilə yazmıram. Heç dəstək almaq məqsədilə də yazmıram. Yoxsa, mənim üçün bunu yazmaq nəyə lazımdır? Bizə elə Müdafiə Komitəsində olan gənc dostlarımızın, (bunlar çoxdur deyə adlarını yazmıram, içlərində keçmiş siyasi məhbus, partiya sədrinin oğlu da var) Şahvələd Çobanoğlunun, Intiqam Əliyevin, RATI-nin, “Azadlıq” qəzetinin və partiyamızın mümkün dəstəyi kifayətdir. Məhz ona görə yazıram ki, nümunəni ilk olaraq özümüz yaratmalıyıq. Belə mühüm məqamlarda bir-birimizə dəstək ola bilmiriksə, o zaman sadə azərbaycanlını qınamaq nankorluqdur.
Sadə bir sürücünün addımından cuşa gəlmək riyakarlıqdır. Bunu birinci siz etməli idiniz...


0 comments to "Vətəndaş nümunəsi"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters