Hansı vərdişlər daha zərərlidir?

Narkomaniya heykəl liderlər kimi ümummillidir. Dünyada böyük çoxluq kimi, kiçik dövlətlər də vətəndaşlarının narkomaniyaya qurşanmaması üçün əlindən gələni edir. Azərbaycan hökuməti də özünü normal quruluşların yerinə qoyub, ağ ölümə qarşı mübarizə aparır.
Ölkəmizdə rəsmi rəqəmlərə görə, 24 minə yaxın narkoman var. Bunun 6 mini gəncdir. Bu isə 16-17 faiz deməkdir. Kiçik rəqəm deyil. Həm də nəzərə alın ki, qeyd etdiyim kimi, rəsmi qurumların açıqlamasıdır. Yəni, gerçəkdə narkomanların sayını bilmək üçün bu rəqəm bir neçə dəfə artırılmalıdır.
Bir ölkədə ki, Statistka Komitəsi və Mərkəzi Seçki Komissiyasının seçicilərin sayı ilə bağlı rəqəmləri üst-üstə düşmür, bu rəqəmə niyə şübhə ilə yanaşmayasan? Əgər qul bazarlarında küll halında iş axtaranları görürkən, Ilham Əliyevin “700 minlik iş yeri açılıb” hesabatlarını eşidiriksə, bu hakimiyyətin başqa sözlərinə necə inanaq?
Mənim atam Sovet hakimiyyəti dövründə kolxozda pambıq briqadiri olub. Həmişə danışırdı ki, pambığı yığıb mərkəzə apararkən onlara rayon mərkəzindən belə bir tapşırıq verirdilər: pambıq yığılmış lapetlərin üstünə ağır daşlar atın, su səpin ki, çəki ağır gəlsin...
Belə bir kombinasiyanı Heydər Əliyev Mərkəzi Komitənin rəhbəri olduğu zaman həyata keçirdiyi “pripiska siyasəti” haqda da eşitmişdim. Bu barədə Əbülfəz Elçibəyin kitabından oxumuşdum. Ilham Əliyev Heydər Əliyevin oğludur, Ramiz Mehdiyev də onun vacib işçisi olub. Heç nə dəyişməyib. Pislikləri yaradanlar və onun metodları yerindədir.
Bütün bunları nəzərə alaraq, əmin ola bilərsiz ki, narkomaniya ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Daha çox narkoman var bu ölkədə. Bizim ölkəmizdə narkomaniyanın gəncləşməsi prosesi sürətlə davam edir. Bu prosesin gəncləşməsi ilə bağlı Daxili Işlər Nazirliyinin, eləcə də Gənclər və Idman Nazirliyinin rəsmi açıqlaması var. Səbəb nədir? Niyə bunun qarşısı alınmır? Axı Azərbaycan hökuməti bunun qarşısını almaq üçün milyonlar xərcləyir. Gənclər və Idman Nazirliyi başda olmaqla, hakimiyyətin yanında olan gənclər təşkilatları narkomaniyaya və başqa zərərli vərdişlərə qarşı hər il layihələr həyata keçirir. Böyük pullar xərclənir. Nəticə isə yoxdur. Çünki səmimi deyillər. Yalandır onların niyyətləri. Pullar ciblərə gedir. O layihələrin icraçılarının özlərinin çox ciddi zərərli vərdişləri var. Korrupsioner, rüşvətxor, yalançılıq, şəxsi mənafe güdmək kimi zərərli vərdişləri...
Ikincisi, onların narkomaniyaya qarşı mübarizəsinin hədəfi başqadır. Bu ölkədə cəmi üç böyük narkoman var: Mirzə Sakit, Eynulla Fətullayev, Cabbar Savalanlı. Məhz bu üç şəxs narkomaniyaya qarşı mübarizə hesabatını doldurur. Məhkəmə qərarları bunu deyir. Bu ölkədə narkomaniyaya qarşı mübarizə adı altında müxalifətə qarşı mübarizə aparılır. Həm də narkotik müxalifətə qarşı işlədilən silahdır. Bizi şərləmək istəyənlərin cibində həmişə ondan var. Lazım olan kimi, bizim cibimizə atırlar.
Bizi “narkoman”, “qıza sataşan”, “terrorçu”, “vətən xəyanətkarı” adlandırmaq nə qədər asandır...
Bilin, biz hamımız hər gün bu pis əməllərlə məşğul oluruq. Bizim günahlarımız çoxdur. Əliyev hakimiyyəti isə dünyanın gözü qarşısında bizə görə xəcalət çəkir.
“WikiLeaks”in açıqladığı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersinin narkotranzitlə bağlı teleqramında öz əksini tapan informasiyaların da günahkarı bizik. Azərbaycanın narkotranzit olması, gömrük orqanlarının narkotiki aşkarlayan avadanlıqdan istifadə etməməsinə görə günah bizlikdir.
Bir sözlə, Ilham Əliyevin rəhbərlik etdiyi komanda özü başda olmaqla, aydan arı, sudan durudur. Bizsə korrrupsioner, narkoman, səs oğrusu, avtoş, avara, cinayətkar adamlarıq. Utanın, uşaqlar, utanın! Gedək Muğam mərkəzində muğama qulaq asaq. Bəlkə adam olduq...


0 comments to "Hansı vərdişlər daha zərərlidir?"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters