Zor işlətməyə kim vadar edir?

“Azadlıq” radiosunda Cin Şarpın müsahibəsini oxudum. Şarp bizə “Diktaturadan demokratiyaya” kitabı ilə tanışdır. 2005-ci ildə “Məqam” və “Yox” təşkilatları bu kitabı Azərbaycan dilinə tərcümə etdilər. Narıncı və yaşıl rəngdə olan kitablar... Həmin kitabda da, indi də Şarp zorakı olmayan mübarizəni önə çəkir: “Əgər zor işlətməmək intizamı saxlanırsa, bu, çox yaxşıdır. Yox, əgər bu, üsyanlara, zorakılığa aparacaqsa, mənim fikrimcə, onlar uduzacaq. Əgər beyinlərini və təşkilati bacarıqlarını istifadə edə bilsələr, intizamı saxlasalar, bu, çox müsbət olacaq. Bu, demokratik təsisatlar yaratmaqda ən böyük vasitədir”.
Bu fikirlə razılaşmamaq mümkün deyil. Qeyri-zorakı mübarizə hər kəsin istədiyi formadır. Ancaq bu həmişə mümkündürmü? Xəstə təfəkkürlü diktatorlar buna imkan verirmi? Qəddafi bütün keyfiyyətlərilə əsl diktator idi. Davranışı, geyimi, gedişləri, əməllərilə xəstə başlı adamları xatırladan bütün diktatorların ən uğurlu nümunəsi idi. Yeri gəlmişkən, Ben Əli, Hüsnü Mübarək və başqaları da onun kimi geyinsəydi, daha səmimi olardılar. Qəddafi kimi avantüraya qarşı qeyri-zorakı mübarizəni təsəvvür edə bilirsinizmi? Ümumiyyətlə, etirazçılar heç vaxt qan-qadaya can atmır. Onları hakimiyyət nümayəndələri təhrik edir. Təxribatlar həmişə planlaşdırılmış şəkildə polis və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Sonra da öz haqqını dinc yolla tələb edən vətəndaşlar əks-inqilabçıların zorakılıq ittihamı ilə üzbəüz qalır.
Hər inqilab yeni keyfiyyətlərilə yadda qalır. Diktaturaların isə onun qarşısını almaq cəhdləri və üslubları dəyişmir. Misirdə dəvələrlə etirazçıların üzərinə gedirdilər. Bu da mahiyyətdən doğan bir şeydir. Geriliyin nümunəsidir.
Son inqilabların əsas rəngi internet oldu. Dəyişiklik tərəfdarları minimum texniki imkanlara malik olsalar da, internetdən keyfiyyətli istifadə edə bildi. Rejimlər isə daha geniş texniki avadanlıqlarla bundan yararlana bilmir. Elə bizim ölkəmizdə də qarşı tərəf dəfələrlə narahatlığını dilə gətirib. Gah interneti pisləyib, gah da “buyruqqulularına” internetdən səmərəli yararlanmaq tapşırığı verib. Alınmayıb. Son referendumdan bu tərəfə internetdən yalnız demokratik düşərgə yararlana bilib. Səbəb isə onların texniki gələnəklərinin zəif olması deyil. Onların maddi-texniki, inzibati resursları daha boldur. Ancaq bu bolluq da işə yaramır. Səbəb nədir bəs?
“Azadlıq”ın ötən saylarından birində Şahvələd Çobanoğlu bunu dəqiq izah edib: “Inqilabın və internetin hər ikisi eyni mahiyyətə - AZADLIĞA bağlıdır!
Hər kəs özünü və saytını istədiyi kimi təqdim etdi və məhz özünəməxsus bir virtual istifadə məkanı yarada bildi...
- Internet məkanındakı kollektiv ağıla, kollektiv mövcudluğa, ünsiyyətə bir inam yarandı;
- Özünütəsdiq, paylaşma, faydalılıq internet istifadəçilərini birləşdirdi.
Bunun ardınca azadlıq istəyənlərin yenidən təmərküzləşməsi gəlməli idi. Gəldi də..."
Övladlarını güclü edənlər
Azərbaycanlı gənclərin mübarizəyə qoşulmasında əngəllərdən biri də valideynlərdir. Aksiyada saxlanılan gənc polisdən yox, ata-anasının buna necə reaksiya verəcəyindən qorxur. Övladına düz-əməlli ölkə qura bilməyənlər, yalnız “a”dan “z”yə qədər problemlər “bəxş edənlər” hələ üstəlik, bu mübarizədə qadağalar da qoyurlar. “Siyasətə qoşulma”, “otur yerində” kimi mənasız fikirlərlə. Bəlkə kimsə bunu övlad sevgisi kimi qəbul edir. Ancaq bu sevgi deyil. Düşmənçilikdir. Adam kimi yaşamaq uğrunda mübarizəyə qoşulmağa mane olmaq əslində, övladının, onun uşaqlarının gələcəyini baltalamaqdır. Cabbarın həbsində məni ən çox maraqlandıran məsələlərdən biri anasının reaksiyası idi. Ancaq Təravət xanımın hər çıxışı bizim inamımızı, gücümüzü bir az da artırdı. O, dünyanın ən gözəl anasıdır. Həmçinin Emin dayı. Eynulla ilə bərabər dağ kimi dayanan bir kişi. Nikbin, cəsarətli, dözümlü. Adını çəkmədiyim xeyli sayda siyasi məhbusun ağır məhrumiyyətlər yaşamış valideynləri. Onlar bu ölkənin ən üzü ağ vətəndaşlarıdır.


0 comments to "Zor işlətməyə kim vadar edir?"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters