Islahatlar komediyası

Su meymunun boğazına çatanda balalarını ayaqları altına alır. Boğulmamaq üçün bəslədiyinin üzərinə çıxır. Artıq Azərbaycan hakimiyyəti də aşağı vəzifəli məmurlarının üstündə dayanmaq qərarını verib. Indiyədək onun üçün rüşvət yığan məmurlarını damlayır. Əvvəlcə, cəzalandırılımış, xalqın gözündə cinayətkar kimi təqdim olunacaq məmurlar haqqında....
Sizin böyük bir hissəniz hakimiyyətin qara əməllərinin həyata keçirilməsində vasitəçi olmusunuz. Siz qəpik-quruşa görə böyük korrupsionerlərin cinayətlərinə imza atmısınız. Yəqin bir çoxlarınız karyeranızı min bir yolla qorumaq, davam etdirmək düşüncəsindəsiniz. Yanlış yolda olduğunuzun, hakimiyyətin sizdən öz əbədiliyi üçün necə riyakarlıqla istifadə etdiyinin fərqində deyilsiniz. Ayılın, cənablar! Oğru hakimiyyətlə uğurlu karyera ola bilməz. Saxta seçkilərlə, xalqdan etimad almamış rejimlə yaxşı heç nə mümkün deyil.
Henri Toronun çox sevdiyim və tez-tez işlətdiyim ifadəsi var: “Talelərini avtoritar rejimlərə bağlayanların sonu rüsvayçılıqdır”. Biz artıq bu rüsvayçılığı hər gün görürük. Indi rüsvayçılıqdan imtina etmək zamanıdır.
Deyirlər ki, əsas niyyətdir. Əliyevin korrupsiyaya qarşı mübarizəsinin niyyəti isə xalqa gün ağlamaq deyil. Bu, hər kəsə aydındır. Xalqın dərdini çəkib islahatlar həyata keçirən oğul bunu Misirdən, Tunisdən öncə edərdi. Mübarəkin taxt-tacını itirməsindən sonra bu niyyətə düşməzdi...
Ən maraqlısı isə , islahatları həyata keçirənlərin əllərinin nə qədər “təmiz” olmasıdır. Müəllifinin kim olduğunu xatırlamadağım bir kiçik mətn hakimiyyətin “islahatçılığına” çox uyğun gəlir. Orada deyilir: “Ingiltərədə cibgirləri meydanda, izdiham qarşısında edam edəndə, onların həmkarları qələbəlikdən istifadə edərək sakitcə tamaşaçıların ciblərini boşaldırdılar. Edam səhnəsi belə, onları cinayətdən çəkindirə bilmirdi”.
Indiki Azərbaycan reallığında da korrupsiyaya qarşı mübarizə oğrunu gizlətmək üçün yaradılmış hay-küyü xatırladır. Üstəlik, prinsipsiz televiziyaların dəridən-qabıqdan çıxması daha gülünc mənzərə yaradır.
Ilham Əliyev hakimiyyətinin davamlılığı naminə aparılan islahatlar hansı halda səmimi ola bilərdi? Özü də başda olmaqla, bütün məmurlar Bakıdan Dubaya qədər korrupsiya pulları hesabına səpələnmiş villalarından imtina etsəydi, oliqarx məmurlarını tutduqları vəzifədən azad etsəydi. Bu isə heç vaxt olmayacaq. Onların da, bizim də yolumuz Misir yoludur.
Inam və cəsarət
Illərin Mübarəki getdi. Xalqın inamlı və cəsarətli dirənişi hesabına bu baş verdi. Gündəlik qayğılarını, şəxsi həyatlarını bir kənara qoyub ölkənin gələcəyi uğrunda cani-dildən savaşan insanların sayəsində Misir azad oldu. Misirli həmyaşıdlarımı, gəncləri təbrik edirəm! Növbə bizimdir. Yaz gəlsin, qanımız qaynasın, Əliyevlər də Mübarəklərin aqibətin yaşayacaq.
Gəncliyin baharı
Ötən yazımın sonunda 1988-1992-ci illərdə doğulmuş gənclərdən yazmışdım. Sonradan xatırladım ki, YAP-çı deputat Aydın Mirzəzadə 1992-ci ildə dünyaya göz açmış gəncləri aşağılamışdı: “1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur...”
Yanılmayıb. Mirzəzadə narahat olmaqda haqlıdır. Onların xanimanını uçuracaq böyük bir güc var. Bu gücə meydanlarda olan hər nəsil aiddir. Hər gün keçdikcə həmin nəsillərə yeni-yeni qüvvələr əlavə olunur. Bu qüvvələr də medan üçün yetişirlər. Bu qüvvələrin ilk addımını Cabbar atdı. Bu addımların sonuncusu da Azərbaycanın, o cümlədən Cabbarın özünün azadlığı ilə nəticələnəcək. Bu bahar BIZIM BAHAR olacaq!


0 comments to "Islahatlar komediyası"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters