Gəlirik!

Cabbar Savalanlının həbsilə hakimiyyət Azərbaycanı Misirin, Tunisin siyahısına yazdırdı. Gəncliyin, müxalifətin, xalqın qəzəbindən yaxa qurtarmağın yolunu gənc, məsuliyyətli və fəal vətəndaşı şərləməkdə tapdılar.
Xalq narazılığını açıq nümayiş etdirmir. Hələ seçkiyə çox var. Mitinqlərin başlanmasına da xeyli var. Günahlarını dəqiq bilən hakimiyyətdə isə hədsiz qorxu var. Məhz buna görə iqtidar ərəb gənclərin diktaturalarına qarşı etdiklərini çox tezliklə ona münasibətdə Azərbaycan gəncləri tərəfindən baş verə biləcəyini anlayaraq narkotikə əl atdı.
Cabbar Savalanlı ilə 15 sentyabrdan tanışıq. Ilham Əliyevin ötən il üzərindən bayraqları qaldırdığı Türk əsgərin məzarını ziyarətə gəlmişdi. Ondan öncə virtual tanış idik. Tanışlığımızdan əvvəl cəbhəçi (AXCP tərəfdarı) olduğunu yazmışdı. Partiyanın Gənclər Komitəsinə qoşulmaq istədiyini bildirdi. Gəldi, noyabrın 23-də Əli Kərimlidən partiya vəsiqəsini aldı.
Cabbar millətçi olsa da, çıxış yolunu hər kəsin birgə savaşında görür. Intizamlı, həm də coşğulu bir gəncdir. Komitədə ona tapşırılan işə ciddi yanaşırdı. Iclaslara, tədbirlərə gecikmirdi...
Onu niyə həbs etdilər? Ilk növbədə özünün və üzvü olduğu partiyanın fəaliyyətinə görə... Bütövlükdə isə gəncliyin getdikcə yüksələn etiraz səsinə görə... Son seçkidə hakimiyyət istədiyi parlamenti formalaşdırdı. Ancaq cəmiyyət onun istədiyi kimi olmadı. Ruhdan düşmədən inamla ölkənin gələcəyi uğrunda mübarizə aparmaq istəyi ölmədi. Əksinə, yeni təşəbbüslər ortaya çıxdı. Yeni simalar siyasi proseslərdə iştiraka qərar verdi. Yeni gənclər təşkilatları yaradıldı. Hakimiyyət buna dözə bilməzdi. Dözümsüzlüyünü Cabbar Savalanlının həbsi ilə biruzə verdi.
Cabbar Savalanlı üçün nə edə bilərik? Onun şərlənərək həbsini bildiyimiz andan qərarımız budur: inamsız olmamaq! Tərəddüdsüz yola davam etmək!
Təşkilatlanmanı daha da sürətləndirməliyik. Kimsə məyus, kədərli olmasın. Sıralarımızda iztirablı sifətlər istəmirik. Bizim mübarizəmiz gerçək mübarizədir. Absurd deyil. Istəklərimiz, hədəflərimiz bütün dünyada rəğbətlə qarşılanan dəyərlərdir. Dünyanın əksər xalqları bizim istədiklərimizə sahibdir. Bir ovuc ölkə Azərbaycanın günündədir. Bu dəfə təpədən yuvarlanan daşı saxlamaq çətinliyilə üz-üzə qalan hakimiyyətdir. Sizif olmasa da... Çağdaş gerçək tarixi həqiqət budur: tiranlıqları, polis hakimiyyətlərini qoruyub saxlamaq absurddur, mümkünsüzdür. Korrupsiya pulları hesabına hündür yerdən bayraq asıb lovğalanmaq qədər mənasızdır.
Cabbar Savalanlının Hüquqlarının Müdafiə Komitəsi yaradılıb. Hüquqi baxımdan nə etmək lazımdırsa, onu edəcəyik. Var gücümüzlə onun şərə məruz qaldığını dünyaya bəlli edəcəyik. Ancaq onun üçün atacağımız ən mühüm addım ölkədə köklü dəyişikliklərə nail olmaqdır ki, bunun üçün də hər gün işləmək, yazmaq, adamların arasında danışmaq, sərt mübarizə prinsiplərinə sadiq qalmaq, rejimin zəifliklərini onun sifətinə çırpmaq lazımdır. Profilaktik tədbirlərlə ovundurmağa çalışdıqları sosial qrupları fəallaşdırmalıyıq. Cabbar Savalanlının ən böyük gözləntisi budur, onun həmfikirləri bunu etməlidir.
Cabbarı şərləyənlər də beş ay öncə onu tanımırdı. Meydanda Cabbar Savalanlı adında kimsə onları narahat etmirdi. Kimlərsə bir müddət qabaq oğrunluqla “Cabbar Savalanturk” adlı “Facebook” istifadəçisinin yazılarına baxıb rəhbərlərinə məruzə etmirdilər.
Indisə baxın, o artıq bir azadlıq mücahididir. Cəmi 20 yaşı var, ancaq Əliyevlər üçün arzuolunmaz bir vətəndaşdır. Tez-tez dostlarım “Möhkəm olun, gəlirik!” zarafatını edirlər. Qədim Cəbhə zarafatıdır bu. “Xaqani 33"də cəbhəçilər ”nə var, nə yox?" sualına belə cavab verirdilər. Biz bunu zarafatla deyirik. Ancaq zaman keçdikcə bu zarafat xoş bir gerçəyə çevrilməkdədir. Çünki 1988-1992-ci illərdə dünyaya göz açanlar sürətlə, çoxluqla sıraları doldurur. Bu çoxluq daha təşəbbüskar, mübariz, prinsipial, səmimidir. Cabbar da onların ən parlaq nümayəndələrindən biridir. Indiyədək mübarizədə olan nəsilləri onlar tamamlayacaq və bu, qalibiyyətlə bitəcək. Məhz buna görə, möhkəm olun! Gəlirik!


0 comments to "Gəlirik!"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters