Barışmaq rəzillikdir

Misirlilər artıq fərqli dünyanın astanasındadır. Qumsallıq adamlarının qan bahasına savaşı nə böyük fədakarlıqdır... Adamlar yaralanır, ölür, ancaq geri çəkilmirlər. Çünki onlar istəklərinin həyati olduğunun fərqindədir. Misirlilərin istəkləri sadədir. Çiyinlərindəki Hüsnü Mübarək kimi ağır və iyrənc yükü atmaq istəyirlər. Uğrunda savaş aparılan dəyərlər o qədər böyükdür ki, onun uğrunda ölümü də göz altına almaq olar. Heç olmasa, gələcək nəsillər xoşbəxt yaşasın. Murdar diktator sifətləri ilə üz-üzə qalmasınlar. 81 yaşlı qocanın fəlakətlərindən uzaq olsunlar. Bu yolda ölüm nə qədər acı olsa da, qaçılmazdır.
Bəli, ölüm dəhşətlidir. Misirdə 150 nəfər insanın ölümü də ağrılıdır. Bu arada bizimkilərin Misirdəki ölümü qabartması, onun haqqında dəhşətlə danışması adamın lap zəhləsini tökür. Az qalırlar siyahı tutub Misirdəki ölümləri bir-bir sadalasınlar. Ancaq ölüm təkcə xoş gələcək uğrunda savaş zamanı olmur. Normal qaydalarla idarə olunmayan ölkələrdə ölüm hər an baş verir. Necə deyərlər, ölümün qaşla gözün arasında olduğu yer bu ölkələrdir. Adamlar sosial problemlərdən əziyyət çəkərək intihar edir, fəhləliklə çörəkpulu qazananlar başdan sovdu tikilən binalarda təhlükəsizlik qaydalarına riayət olunmadıqca divarların altında qalmaqla ölürlər. Ötən il bizim ölkədə 1000 nəfər avtoqəza nəticəsində dünyasını dəyişib. Bu, kifayət qədər dəhşətli rəqəmdir. Bunun səbəbi nədir?
Səbəb hər yerdə olduğu kimi, nəqliyyatda da baş alıb gedən korrupsiyadır, məmur yarıtmazlığıdır. Daha çox pul oğurlamaq naminə başdansovdu təzələnən yollardır. Hər ay yüksək sürətin qarşısını almaq üçün keçirilən reydlərin məhz rüşvət səbəbindən effektivsizliyidir. 700-1000 manat rüşvət hesabına başa gələn sürücülük vəsiqələridir. Bütövlükdə nəqliyyat və polis sistemindəki yarıtmazlıq, korrupsiya, oğurluqdur. Bütün bunların nəticəsi isə ildən-ilə artan avtoqəzalar nəticəsində ölümlərdir, itkilərdir. Bu ölümlərin də kökündə həmin sahələrin idarəçiliyinin hakimiyyətin maraqlarına uyğun həyata keçirilməsi dayanır.
Misirdə də belə idi. Illərin Hüsnü Mübarəki hər şeyi könlünün istəklərinə uyğunlaşdırmışdı.
Heç bir demokratik ölkədə “trafik canavarının” bir ildə bu qədər qurbanı olmur.
Ölümdən yazırdım, bir kədərli hadisə yadıma düşdü. Ötən illərin qışında Qaradağda daş yonmaqla ailəsinə, uşaqlarına pul aparan iki nəfər balakənli qarlı-çovğunlu havada azaraq donub ölmüşdü. Ciblərindən cəmi 50 manat pul çıxmışdı. Misirdəki mübarizəni pisləyənlər bunları da nəzərlərində saxlasın.
Misirdəki dəyişiklik uğrunda canlarını fəda edənlərin ölümünü şüvənliklə gözə soxmaq sadəcə, korluqdur. Nə qədər ki, Misirdə hakimiyyət dəyişməyib, Azərbaycandakı kimi orada da vətəndaşların həyatı sistemin amansızlığından sığortalanmayıb. Belə ölkələrdə hər addımında ölümlə üz-üzəsən. Bundan xilasın bir yolu var: Tunis yolu, Misir yolu.
Ölüm mövzusundan hakim partiyaya keçirəm. Xeyli vaxt idi, YAP-da gənclərin sədri yox idi. Nəhayət, YAP gənclər təşkilatına sədr tapa bilib. Hansısa universitetdə prorektor olan bir gənc boşluğu doldurub. YAP-da sözün həqiqi mənasında boşluqdur. Yarım milyon üzvü, 4 milyon büdcəsi olan bir partiya “Azadlıq” radiosunda müxalifətçi gənclərlə debata bir nəfər tapıb göndərə bilməmişdi. Üstəlik, Ilham Əliyevin sədrlik etdiyi partiyanın sıralarından intihar edənlər, polis tərəfindən öldürülənlər boşluğu bir az da artırıb. Sonuncu öldürülən Elvin Əsgərov də, anası da YAP-çıdır.
Mərhum Əsgərov YAP-ın Gənclər Birliyinin yeni sədri ilə təxminən yaşıddır. 31 yaşı var idi. Rüsvayçılıqdır. Partiyadaşını və həmyaşıdını partiyanın aid olduğu hakimiyyətin strukturları öldürəcək, sən isə Elvinin aqibətini yaşamaqdan sığortalanmamış gənclərə sədrliyə gələcəksən. Henri Toronun məşhur bir fikri var: “Avtoritar rejimlərə taleyini bağlayanların sonu rüsvayçılıqdır”. Indi Misirdəki hadisələrə kriminal elementlərin qarşıdurması kimi baxıb Azərbaycandakı avtoritarizmlə barışanların da, YAP-ı özünə dayaq bilənlərin də, Hüsnü Mübarəkin Xırdalandakı abidəsini qoruyanların da aqibəti hər bir halda rüsvayçılıq olacaq.


0 comments to "Barışmaq rəzillikdir"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters