Kölələrin qulpu

Bizim cəmiyyətimizdə görülən hər işə həvəslə qulp qoyanlar var. Öz gözlərində tiri görməyib başqalarının fəaliyyətini təhlil etmək onların mərəzinə çevrilib. 20 Yanvar faciəsinin ildönümündə şüar yazılmış parçaya (pankarta) axmaq münasibət sərgiləyənləri deyirəm. Palaz-palaz məqalələr yazırlar. Yazanlardan, satış qiyməti nisbətən baha olanlar isə həmin yazıları qəzetlərinə çıxarırlar. Mənim bu kölələrin adını çəkməyə həvəsim yoxdur. Bu ölkədə hamı bir-birini çox yaxşı tanıyır. Bizim “Azadlıq uğrunda öldü şəhidlər, Azad olmadı vətəndaşları” şüarı ilə tədbirə qoşulmaqda məqsədimiz tam aydındır. 21 il öncə soyuq, şaxta bir gündə adamlar rus tankının üzərinə - ölümə Azərbaycanın azadlığı üçün gediblər. Onlar bunu kortəbii şəkildə etməyiblər. Azərbaycanlıları azad etmək üçün fədakarlıq ediblər. Onlar nə üçün getdiklərini bilirdilər. Onlar Əliyevlərin tiranlığının bərqərar olması üçün şəhid olmayıblar. Biz həmvətənlərimizin şəhidləri sadəcə, ziyarət etməsini istəmədik. Qoy, hər bir vətəndaş o insanlar qarşısında öz məsuliyyətini dərk etsin - istəyimiz bu idi.
Bunun əksini iddia edənlər bilməlidir ki, bu ölkədə “20 Yanvar”la, Xocalı faciəsi ilə siyasi maraqlar naminə biz yox, hakimiyyət oynayır.
Matəm gününə bir neçə gün qalmış Heydər Əliyevin Moskvadakı etiraz törənini televiziyalarda gözə soxmaq siyasi təbliğat deyil, bəs nədir?
“Şəhidlər Xiyabanı Ilham Əliyevin sərəncamı ilə təmir olunub” elanı məsələni siyasiləşdirmək deyil? Yoxsa, YAP sədrinin, ölkə başçısının adının ora yazılmasında bəlkə hansısa ilahi sirr var? Burada bir məqsəd var: Ilham Əliyevin piarı.
Primakovun 20 Yanvar faciəsində günahkar olduğunu bütün dünya bilir. Lakin Əliyevlər şəxsi münasibətlərinə, dostluqlarına görə onun adını faciənin günahkarları siyahısından çıxardıb.
Kölələrin deyinməsini, həyəcanını anlayıram. Psevdovətənpərvərlər, urapatriotlar yalnız bu məqamlarda coşur, adrenalinləri qalxır.
Polis də həmin hadisə ilə bağlı eyni mövqe sərgilədi. Polisin siyasətə qatılmamaq öhdəliyi var. Gerçəkdə isə Əliyev hakimiyyətinin siyasətini Əli Əhmədov, YAP deyil, Azərbaycan polisi həyata keçirir. Müxalifətlə opponentliyi iqtidarın siyasi strukturu deyil, polis edir. Polis indi həm siyasətçidir, həm də dəyənəkkimilərdir.
Yeri gəlmişkən, pankartı əlimizdən alan polis əməkdaşını o zamana qədər özümüzünkü bilirdik. Onun şəkilləri pankartla birlikdə sosial şəbəkələrdə xeyli yayılıb. Bu çavuş qardaşla yay aksiyalarından tanışıq. Müsavatın Hüseyn Cavid bağındakı aksiyasında saxlanıldıqda Yasamal Rayon Polis Idarəsindən məhkəməyə bizimlə birgə gəlmişdi. Saxta raport yazıb üzümüzə durmuşdu. Öz aramızdakı söhbətdə isə keçmiş daxili işlər naziri Isgəndər Həmidovçu olduğunu deyirdi. Açığı, bir neçə gündür bunu yazmaq istəmirdim. Istəmirdim ki, fürsətcil həmkarlarının amansız caynağına keçsin.
Biz həmişə polislərə “bizim qardaşlarımız”, “bunların günahı yoxdur” demişik. Yanılmışıq. Səhv etmişik. Bildiyim bir həqiqət var. Indiyədək heç bir polis aksiyada saxlanılanların üzünə durmamaq üçün poqonundan imtina etməyib. Heç bir hakim sifarişli qərar çıxarmamaq naminə mantosundan imtina etməyib. Etsəydilər, acından ölməyəcəkdilər ki... Açıq alınla vəkillik edə bilərdilər. Şərəfli bir yol seçmiş olardılar. Bunu etmədilər. Bizi saxta raportlar və qərarlarla həbsə göndərirlər. Özləri isə uşaqlarının yanına gedirlər.
Indi kim utansın? Bizlər, yoxsa kölələr?


0 comments to "Kölələrin qulpu"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters