Qaradan rəngarəngliyə


Bizim ölkəmizdə həyat monotondur. Darıxdırıcıdır. Bir tərəfdə susqunluqdur, bir tərəfdə adamların cizgilərindəki iztirablar. Üstəlik, qara və boz rənglər güzəranı bir qədər də ağırlaşdırır. Ağaclar, yaşıllıqlar sürtülmüş divarların tozundan boz rəngdədir. Ramiz Mehdiyev kimi... 
Adamlarsa başdan-başa qaraya bürünüb. Geyimlərdə ən çox istifadə olunan rəng qaradır. Gənc, yaşlı, qız, oğlan, bir sözlə, hər kəs qara geyinir. Bazarlarda da satılan paltarlar ən çox qara rəngdədir. Bakının ən göz oxşayan Nizami küçəsinə dəblə geyinib çıxanlar da qara paltarda olur. Axşam düşəndə hər şey qara kütlə halını alır. “Kütlə” sözün sevmirəm. Xalqa kütlə deyilməsinə qarşıyam. Ancaq küçələrdəki qara geyimli adam dəstələri sadəcə, kütləni xatırladır. Bu, təkcə zövq məsələsi deyil. Nə də qara rəng dəbdə deyil. Adamlara hansısa yollarla təlqin olunan budur.
Bu, qapalı cəmiyyətlərin, avtoritar quruluşların rəngidir. Hakimiyyət susqunluğu sevdiyi kimi, bir rəngliyi, monotonluğu da sevir. Fəallığa nifrət etdiyi, qorxduğu kimi, rəngarəngliyə də nifrət edir, çəkinir. Parlaq rənglər həmişə diqqəti cəlb edir, düşündürür. Belə rejimlər isə bir qayda olaraq, düşünməyin əlehinədir. Həbsxanalarda məhbusları təcrid etmək üçün rəngli geyinməyə imkan vermirlər. Bunlar da bütün əməlləri ilə ölkəni başdan-başa həbsxanaya çevirmək istəyirlər. Biz qaranın vurğunuyuqmu? Niyə biz həyatımıza çox asanlıqla rəng qata bilmirik? Məgər bu ölkədə qırmızı, göy, sarı və başqa əlvan, parlaq geyinmək qadağan olunub?
Imtina etmək lazımdır qara rəngdən. Gəlin, birlikdə qaradan imtina kampaniyası başlayaq. Yaxınlarımıza, dostlarımıza çağırış edək. Bunun üçün böyük vaxt, enerji sərf olunmayacaq. Bu, bizim başqa işlərimizə mane olmayacaq. Təbii ki, bizim daha önəmli işlərimiz var. Amma qaramatlıqdan, rejimin əlamətlərindən azad olmaq lazımdır. Azərbaycanın aydın gəncliyi həyatında olan hər rəngi özü seçməlidir. Kimsə bizi buna məcbur etməməlidir.
Gözləntilərin heç olması
Bir neçə il öncə hər kəsdə bir qorxu vardı. Bayağı incəsənət, şou azarına tutulmuş gənclərin çoxluğu aydın fikirli insanlarda ölkənin gələcəyi üçün təşviş yaradırdı. Lentləri kəsilən keçidlər, körpülər kimi bu gənclər də sistemin dayanıqlığını təmin etmək üçün idi. Onlar sürətlə gəlirdi. Ulduzlar ölkəni başına götürmüşdü. Onların çal-çağırı, yarışmaları, hakimiyyət tv-lərində limitsiz nümayişləri göz deşirdi. Hər yerdə o gənclərin süni uğurlarının təntənəsi nümayiş etdirilirdi. Əslində bu, rejimin Azərbaycanın gələcəyi üzərində özünün əbədiliyini təmin etməyinə inanmasının sevinci idi. Bunlar hər şeyi sona çatdırdıqlarını düşünürdü. Onlar böyümükdə olan nəslin  onlara aid murdar qəliblərindən çıxdığını, onun ölçülərinə uyğun olduqlarını düşünürdü. Olmadı. Indi də həmin proqramlar davam edir. Ancaq həmin təntənədən əsər-əlamət yoxdur. Baş ideoloqun televiziyalarla bağlı açıqlaması bütün hesablamaların boşa çıxdığını ortaya qoydu. Rejimin illərdir etdiklərinin faydası olmadı. Xərclənən pullar gözlənilən nəticəni vermədi. Azadlıqlar, demokratik dəyərlər uğrunda mübarizə aparan nəsillərin arası kəsilmədi. Ölkədə sivil dəyərlərə rəğbət bəsləyən gənclik yetişməkdədir. Bu nəsil bütünlüklə fərqli yaşamaq istəyindədir. Bu nəslin onun tələblərinə uyğun ədəbiyyatçıları var. 
Düzdür, rejimə simpatiya bəsləyənlərin də davamçıları gəlir. Kirayələrdə yaşayıb mübarizə aparan gənclik maddi məhrumiyyətlərin əsiri olduğu halda, rejimin qulluqçularının övladları milyonları əyləncəyə xərcləyir. Bu müftəxor gənclər də hakimiyyətdəki nəsillə anlaşanlardır. Onlar özlərinə hər şeyi rəva bilirlər. Saxta yolla mandat qazanmağı, karyera naminə cinayətlərə şərik olmağı... Bu, həmişə olmaycaq. Pisliklər məhv olacaq. Bunun üçün isə təşəbbüskar olmaq lazımdır. Rejimin yaratdığı hər pisliyə qarşı çıxmalıyıq. Sistemə, ona aid hər görsənişə qarşı savaşmaq lazımdır.


0 comments to "Qaradan rəngarəngliyə"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters