Qadınlar

Bu, “Azadlıq”da dördüncü köşəmdir. Bu dəfə zərif mövzuda yazacam - Qadınlar haqqında...
Azərbaycan qadını əzabkeşdir. Əziyyətlərə dözəndir. Mübarizdir. Bunu, əri onu atanda, tək qalanda uşaqlarını böyütmək üçün məhrumiyyətlərə sinə gərən azərbaycanlı xanım haqqında yazmıram. Hər birimizin gələcəyi uğrunda, bütün uşaqların xoşbəxt sabahları üçün savaşan xanımlarla bağlı yazıram. Onlar hamının əvəzinə savaşır. Mənim anamın da əvəzinə...
Onlar kişilərlə bərabər meydanlardadır. Vəzifə, ərinin, oğlunun perspektivi üçün YAP üzvlüyünü seçməyiblər. Nəzərdə tutduğum bu qadınlar müxalif partiyaların üzvləridir, azad medianın - nəyin bahasına olursa olsun, öz sözünü deyən  qəzetlərin, radionun əməkdaşlarıdır.
Faina Kunqurova siyasi məhbus idi. Onun ölümünə səbəb olan Əliyevlərə qarşı mübarizəni indi həmcinsləri davam etdirir. Yay mitinqlərində yaşından fərqli olmayaraq, hər cəbhəçi qadın bizimlə birgə rejimin, onun dəyənəkkimilər dəstəsinin  qarşısında idi. Bu qadınlar dünyanın ən gözəl və sevimli xanımlarıdır. Nə yaxşı ki, onların ardıcılları olan gənc, cəsarətli etirazçı xanımlar meydanlara gəlməkdədir. Siyasi proseslərdə yer almaqdadır.
Bütün bunlara baxmayaraq, qadınların siyasi, ictimai strukturlarda təmsilçilik formasıyla bağlı çatışmazlıq var. Bu, partiyalarda, ictimai təşkilatlarda “qadınlarla iş şöbəsi” adlı struktur bölgüsünün mövcudluğudur. Bu şöbə AXCP-də də, Müsavatda da, başqa partiyalarda da var. Hətta özünü daha modern hesab edən təşkilatlarda da... Əgər qadınlar siyasi proseslərdə kişilərdən bir qədər az faizlə iştirak edirlərsə, bu şöbə nəyə lazımdır?
Əli Kərimlinin müavinlərindən biri YAP-ın başbilənini son seçkidə udan, saxta mandatla parlamentdə oturmağa məcbur edən Gözəl Bayramlıdır. Hələ “Xaqani 33" əlimizdən alınanda bizimlə birgə həbslərə düşənlərdən ikisi qadın idi: Iradə Əliyeva və Şəkər Isgəndərli. AXCP-nin ümumi fəaliyyətində qadınlar ən azı, 30-35 faizlə iştirak edir.
Qadınlarla iş şöbəsi zərif fəallığa heç adekvat deyil. Hətta zəiflik, azlıq durumunun əlamətidir. Buna görə  partiya rəhbərliyinə bu şöbənin ləğvini təklif edirəm. Bizim partiyada gender problemi yoxdur. Problem yoxdursa, əlaqədar struktura nə ehtiyac var?!
Biz inkişaf etmişik, indi də dəyişməliyik.
Yuxarıdan baxan iddialılar
Doğrusu, qadınlarla bağlı ürəkaçan məqamlardan yazmaq istəyirdim. Ancaq mümkün deyil. Tanıdığım bir xeyli gözəl xanımlar var. Onlar yaxşı təhsil alıb, xarici dillə yanaşı, ölkədəki gerçəklikləri də bilirlər. Ancaq onlar siyasi proseslərin fövqündədirlər.
Ötən gün “Facebook”da Seymur Baycan Lianna Khachatrian adlı erməni xanımın fotosunu paylaşmışdı. Olduqca gözəldir. Əla şarmı var. Belə qızları ancaq podiumlarda, gözəllik yarışmalarında görmək olar. Onunla bağlı məni cəlb edən təkcə sadaladığım keyfiyyətləri deyil. Bu xanım Levon Ter-Petrosyançıdır. Siyasi müxalif, radikal və fəaldır. Onun siyasi proseslərdə iştirak kompleksi yoxdur. Onun da yüksək təhsili var, xarici dil bilir. Bununla yanaşı, konkret siyasi mövqeyi də var.
Bəs bizim xaricdə təhsil alan, iddialı xanımlar niyə siyasi proseslərin fövqündədir? Niyə onlar ölkənin gələcəyi üçün mübarizəyə qatılmırlar? Nə vaxta qədər bu xanımların vətəndaşlıq mövqeyi qrant layihələrilə komfort otellərdə baş tutan treninqlərdə, konfranslarda iştirakla, uzun-uzadı  çıxışlarla məhdudlaşacaq? Bu iddialı xanımlar hakimiyyətdən narazıdır, müxalifəti özlərinə yaraşdırmır, ancaq siyasi aspektli rahat tədbirlərdə öndə olurlar. Həbs olunanların şəkillərinə təəssüflə baxırlar. Onlar qeyri-hökumət təşkilatlarında, “Plaza”larda yerləşən qurumlarda çalışırlar. Onlar layihələr hesabına vaxtaşırı xaricə səfərlər edirlər. Ən pis halda, Gürcüstan-Azərbaycan yolunu “su yoluna” döndəriblər. Rahat ofisdəki sürətli internetdən siyasi proseslərə yuxarıdan aşağı baxırlar. “Light ekspert”lərin mühazirələrini dahi, saxta təbəssümlə dinləyirlər. Gerçəkdə isə kasıb, bahalı geyinə bilməyən müxalifətçi qız həmişə onun əvəzinə mübarizə aparmalıdır.
Müxalifətçi qız daha gözəldir, qiymətlidir. Həm bizim qəlbimizdə, həm də azadlıqlar uğrunda savaş tariximizdə...


0 comments to "Qadınlar"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters