Rüsvayçı sonluq

Mövzu Tunisdir. “Yasəmən inqilabı” bütün müxalifətçilər, dəyişiklik tərəfdarları kimi, məndə də həsəd yaratdı. Bütün dünya demokratikləşir, dəyişir, sivil dəyərləri bərqərar edir. Biz isə gecikirik.
Həm də bu hadisə avtoritar sistemlərin bütün dünyada ardıcıl şəkildə dağılması inamını möhkəmləndirdi. Demokratiyanın qarşısıalınmaz olduğunu göstərdi. Demokratik dəyişiklikləri geri zəkalı siyasətçilərdən, rejimlərdən başqa hər kəs rəğbətlə qarşılayır. Xalqlar qanları bahasına demokratiyanı qazanırlar. Deməli, geniş mənada ümidsiz olmağa dəyməz. “Heydər Əliyev qurub gedib”, “Azərbaycanın neft ehtiyatları dəyişikliklərə imkan verməyəcək” kimi mənasız tezislər bu müqəddəs dəyərin qarşısında bir heçdir.
Ola bilsin, həmvətənlərimizdən Tunis olaylarını kriminal elementlərin qarşıdurması kimi yozanlar var. Bəlkə kimlərsə tunislilərin savaşlarına münasibətdə qladiatorların döyüşlərinə tamaşa edən romalılar statusundadır. Olsun. Illərlə əzablara düçar olmuş xalqın bunları birdən-birə dərk edəcəyini gözləmək sadəlövhlükdür, məncə.
Tunisdə də bütün xalq ayağa qalxmamışdı ki... Çox az faiz hər şeyi həll etdi. Azərbaycana da köklü dəyişiklikləri gətirmək üçün internetdəki sosial şəbəkələrdə Tunisdəki olayları həyəcan və məmnunluqla izləyənlərin meydana çıxması yetərlidir.
Bəzi dostlarımın yarıgerçək, yarızarafat şəkildə Tunisdəki dəyişikliklərin Azərbaycanda da baş verməsi üçün bir-birilərinə “Özünü yandır!” çağırışı üzücüdür. Inqilabın olması üçün bir nəfərin yanması deyil, hər birimizin ətrafımızdakıları oyatması, sıralarımıza cəlb etməsi lazımdır. Özünüzü dəhşətli alovlara qərq edəcək qədər fədakar olmayın! Aksiyalarda, mitinqlərdə evinizdən çıxın, meydanlara birlikdə gedək, nəticə mütləq olacaq!
Azərbaycan demokratları, köklü dəyişiklik istəyənlər 27 günlük inqilabdan təsirləndi. Uğur olmasa da, zatən, illərdir ölkəmizdə demokratiya uğrunda savaş gedir. Bizim bu hadisədən götürəcəyimiz nümunə isə daha tez bir zamanda avtoritar sistemi məhv etməkdir.
“Yasəmən inqilabı”ndan ən böyük ibrət dərsini isə, məhz avtoritar liderlər götürməlidir. Azərbaycanı daha pis qaydalarla idarə edənlər sonunu düşünməlidir. Yəqin ki, Tunis olaylarından üzlərini turşudub, neft gəlirlərini hara və necə xərcləmək planlarını götür-qoy etməkdədirlər. Istəməsələr də, avtoritar rejimlərin bədbəxt sonluğunu başlarına vurmalıdırlar. Ilham Əliyev ondan qat-qat güclü olan avtoritar liderlərin rüsvayçı taleyini göz önünə almalıdır.
Bin Əli, Çauşesku, Miloşeviç, Pinoçet, Suxarto, Səddam Hüseyn heç də Ilham Əliyevdən bacarıqsız deyildi. Onlar Əliyevdən öz sistemlərinin qurulmasında və idarə olunmasında  dəfələrlə üstün keyfiyyətlərə malik idilər. Onlar daha döyüşkən idilər. Hakimiyyətə atalarının hesabına gəlməmişdilər.
Sonları nə oldu?
Tunis prezidenti Bin Əli ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçdı.
Rumıniya diktatoru Çauşesku xanımı ilə birgə Rumıniya Senatının damından qaçsa da, həbs edildilər. Iki saatlıq  məhkəmə prosesində Nikolae və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum edildilər. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qaldı.
Çoxsaylı korrupsiya və döyüş cinayətlərində ittiham olunan Miloşeviç 2001-ci ildə həbs olunduqdan 5 il sonra məhkəmə zalındaca öldü.
Başqa diktatorlar da həmçinin... Bütün diktatorların sonu rüsvayçılıqdır. Təkcə idarə etdiyi komanda, hakimiyyət  baxımından deyil, həm də şəxsi müstəvidə. Heç bir demokratik lider belə rəzil günlərə düşmür. Heç bir demokratik lider oturduğu hakimiyyət kreslosunu Senatın və ya Prezident Aparatının damından tərk etmir.
Ötən ilin aprelində AXCP Gənclər Komitəsinin təşkil etdiyi gənclərlə görüş tədbirində Əli Kərimli Ilham Əliyevə bir yol göstərmişdi. Bu durumda hakimiyyətdə qalmasının ölkənin milli maraqlarına və Əliyevin özünə də təhlükə törətdiyini bildirirək, onu yubanmadan istefa verməyə çağırmışdı...


0 comments to "Rüsvayçı sonluq"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters