Qorxaqların bəhanəsi

Küçələrdəki al-əlvan, komfort vəd edən reklamlar istəklərimizlə səsləşsə də, güzəranımızı dəyişmir. A-dan Z-yə qədər olan hər tələbimizi reallaşdırmaq yolunda bir əlçatmazlıq var. Oxumaq istədiyimiz hər kitabı ala bilmirik, zövqlə geyinmək olmur, sürətli netdən uzağıq, bir sözlə, həyat acınacaqlıdır.
Lazımı olanları tapa bilməyəndə ümidsizliyə qapılırsan. Hər kəs onu ümidsiz edənləri tanımalıdır, ona qarşı çıxmalıdır. Intihar xilas yolu olmamalıdır. Əslində hazırkı sosial siyasətlə və buna etiraz edənlərə verdiyi cavabla Əliyevlərin azərbaycanlılara dolayısı ilə təklif etdiyi budur: yaşaya bilmirsən, özünü öldür. Biz isə hər vətəndaşı özünə və xoş sabahına inanmaqla mübarizə aparmağa çağırırq. Mübarizə aparmaq üçün minlərlə səbəb var. Tunisdə bir göyərti satanı polisin öldürməsi inqilabi dəyişikliklərlə nəticələnən mübarizəyə başlanğıc oldu. Ötən günlərdə Bakıda polisin döyüb öldürdüyü Elvin Əsgərovun taleyi də bir başlanğıc ola bilərdi. Olacaq. Getdiyimiz yol uzun, çətin olsa da, başa vurmaq mümkündür. Böyük, işıqlı sabahlara hədəflənən yolun ağırlıqlarına dözərək mübarizə aparmalıyıq. Yüzlərlə, minlərlə insan indiyə qədər və indi də bu mübarizənin hədəfində olmaqla ölkədə ictimai-siyasi proseslər yaradır. Çox təəssüf ki, bunu görməyənlər var. Onlar müxtəlif uydurmalarla mübarizədən yayınanlardır. Onların hər cür bəhanəsini görmüşük. Indi isə biri haqqında...
Bu adamları ölkə içi gerçək proseslərdən danışmağa dəvət edəndə populistcəsinə deyirlər: “proses yoxdur”. Bu, “ictimai-siyasi proses yoxdur” deməkdir. Burda müxalifətə qarşı uğursuz ittiham cəhdi var. Birincisi, proses yoxdur iddiası Şahvələd Çobanoğlu demişkən, “danışa-danışa susmaqdır”. Ikincisi, proses yoxdur, zəhmət çək, sən yarat. Dörd divar arasında, dəmir barmaqar arxasında Eynulla Fətullayev proses yarada bilir. Hakimiyyəti rahat nəfəs almağa qoymur. Sənsə yarada bilmirsən. O zaman qıraqda qalıb olanları görməzliyə vurmaq və ya ləkələmək möhtəkirlikdir. Ölkədə hamının görə bildiyi siyasi proseslər gedir. Demokratik qüvvələr çətinliklə, məhdud imkanlar hesabına prinsiplərinin arxasındadır. Məhdud resurslara sahib olmaq demokratların səhvinin nəticəsi deyil. Partiyaların zəifliyi idarəçiliyinə görə deyil. Indiki susqun mühit liderlərin keyfiyyətləri üzündən deyildir. Prinsipiallıqlarının  hakimiyyət tərəfdən olan əvəzidir. Proseslərin məhdud səviyyədə olması Ilham Əliyevin “2008-ci ildə müxalifət olmayacaq” vədinin və buna uyğun fəaliyyətinin mümkün sonluğudur. Azərbaycan bu sahədə anloqu olmayan ölkə deyil.  Indiyədək azadlıq qazanmış bütün xalqların müxalifətlərinin dəyişikliklərə qədər durumu təxminən bizimki kimi olub.  Siyasi proseslərin dinamikliyi Azərbaycandakından heç bir şeylə fərqlənməyib. Bütün avtoritar hakimiyyətlərdə demokratik hərəkatlar məhdud imkanlarla fəaliyyət göstərib. Hakimiyyətin məhdudlaşdırma və repressiv siyasəti bütövlükdə cəmiyyətin özündə qapalılığa yönəlmiş, qarşılıqlı inamı zəiflətmək, təşəbbüskarlığı, azadlığı qazanmaq imkanlarını məhv etmək siyasətdir. Hakimiyyət hətta meydanın özünə aid olan hissəsində fəallığı istəmir. Bunun qarşılığında müxalifətin və cəmiyyətin fəal kəsiminin passionarlığı ilə siyasi və ictimai proseslər davam edir. Illər boyu üzəşdikləri məhrumiyyətlərə rəğmən xeyli sayda insan bu şərəfli hərəkatın iştirakçısı və təşkilatçısıdır. Azadlıq və demokratiya idealları uğrunda mübarizəni sönməyə məhz bu adamlar imkan vermir. Ən yaxşısı budur ki, son iki on illik boyu demokratiya və azadlıq üçün savaşan nəsillər arasında əlaqə kəsilməyib. Indi Xalq Cəbhəsinin sıralarında təşkilatın yaşıdı olan gənclər var. 1988, 1992-ci ildə anadan olmuş gənclər artıq siyasi proseslərin fəal iştirakçısıdır. Bunu görmək azdır. Həmin gənclərdən vətəndaşlıq nümunəsi götürmək lazımdır. Qorxaqlarınsa, heç zaman izahatı olmur, bəhanələri olur. Proses yoxdur, müxalifət yoxdur kimi fikirlər də bəhanədir. Həqiqəti, gerçəklikləri dilə gətirməmək qorxusundan doğan bəhanədir.


0 comments to "Qorxaqların bəhanəsi"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters