Mübarizədən həzz almaq

Ölkənin işıqlı gələcəyini arzulayan hər demokratın ümid yeri gənclikdir. Fərqli düşünən, tamam fərqli Azərbaycanda yaşamaq istəyən gənclik... Son illərdə gənclik özü haqqında nikbin düşünmək üçün çox da böyük olmayan nələrisə edib. Təəssüf ki, həqiqətləri anlayan hər gənc siyasi və ictimai proseslərin fəal iştirakçısı deyil. Hamı demokratikləşmə uğrunda savaşa qoşulmayıb. Söhbət ortada olub gerçəklikləri dərk edən, məhrumiyyətlərimizin müəlliflərini tanıyan və həftə sonu çayxanalarda, kafelərdə yığışan 100-200 nəfər gəncdən gedir.
Düzdür, bu qədər gəncin hamısını eyni zamanda bir yerdə görmək olmur. Toplaşmaq, gerçəklikləri rahatlıqla müzakrə etmək üçün başqa məkanları da var. Son bir ildən artıq zamanda gündəlik həyatımızın bir parçasına çevrilmiş Facebook da onların rahat danışdığı məkanlardandır. Həm siyasi proseslərin real iştirakçılarını, həm də seyr edənləri biz bu məkanlarda görə bilirik. Siyasi-ictimai fəaliyyət sahibi olanlar təşkilatlanmış gənclərdir. Müxtəlif təşkilatlarda yer alıb hansısa funksiyaları yerinə yetirirlər. Bir qədər geniş tərkibli gənclik isə sanki elan olunmamış şəbəkənin üzvləridir. Onların bir çoxu ya dostlarımdır, ya da səmimi münasibətlərimiz olanlardır. Açığı, seçkidən öncə ümid edirdim ki, bu gənclər seçki ərəfəsindəki aksiyalarda, seçki kampaniyalarında yaxından iştirak edəcək. Demokratik düşərgənin namizədlərinin seçki qərargahlarında çalışacaqlar. Seçkilərin monitorinqində elliklə iştirak edəcəklərini gözləyirdim. Onların qoşulması ümumi mənzərəyə əlavə rəng qatacaqdı. Təəssüf ki, biz bunu görmədik. Bunun səbəbini həmin gənc vətəndaşların prinsipsizliyi, bacarıqsızlığı ilə izah etmək yanlış olar. Sadəcə, bir qədər komformistlik, bir qədər də vətəndaş məsuliyyətsizliyi.
Gerçəklikləri bildiyimiz halda ona etiraz etmədikcə, qarşı çıxmadıqca, biz durumu daha da pisləşdiririk. Düşünək, 20 il öncə bizim indiki yaşımızda olan azərbaycanlılar vətənimizin Azadlığını düşünərək ölümün üzərinə gedib. Biz indi həmin qanlar və şəhidliklər bahasına qazanılmış azadlığımızı əliyevlər rejimi üzündən yaşaya bilmirik.
Köklü dəyişikliklərin baş tutmasını bir partiyanın edəcəyini düşünmək sadəlövhlükdür. Belə bir təşkilat mübarizənin lokomotivi, avanqardı olduğu halda rəsmi formada qoşulmaq istəməynlər onun ətrafında şəbəkələşməlidir.
Bu gün biz özümüzü və ölkəmizi azad etməsək, gələcək nəsillər qarşısında məsuliyyət və günah bizdə qalacaq. Məsuliyyətdən qaçmaq, günahı götürməkdən ağır şey yoxdur. Rəhmətlik liderimiz Əbülfəz Elçibəy və onun tərəfdarları Azərbaycan xalqı üçün çox şey etdi. Sözün həqiqi mənasında onlar ömürlərini xalqa fəda etdilər. Ancaq bu gün hələ də çoxları onun hakimiyyətdə axıradək qala bilməməsini bəyin səhvi kimi xatırladır, qulağımızı bununla dəng edirlər. Təkrar edirəm, Elçibəy və onun silahdaşları Azərbaycan üçün çox şey etdiyi halda... Çoxlarının əl-ayağını rahat uzatdığı, Elçibəyin partiyası bu gün də mübarizəni prinsipiallıqla davam etdirdiyi halda... Indi biz, hələ də heç bir şey etməyənlər bu gün tarixi məsuliyyətdən yayınsaq, bizi əfv etməyəcəklər.
Onsuz da universitet, çayxana, evlə məhdudlaşan həyatınızın xoş olmadığını etiraf edirsiz. Günləriniz birrəngli davam edir. Bu cansıxıcılıqdan qurtarmağın yolu mübarizədir. Uğurlu nəticəyə inanaraq siyasi proseslərin mərkəzinə can atmaqdır. Şoloxovun “Sakit Don”unda sadə bir kazakın mübarizə ilə bağlı qət etdiyi kimi: “Bir parça çörək, bir qarış torpaq, yaşamaq uğrunda insanlar həmişə mübarizə aparmışlar və nə qədər ki, günəşin işığını görürlər, damarlarında isti qan axır, yenə də mübarizə aparacaqlar. Kim həyatı dartıb sənin əlindən almaq, səni yaşamaq hüququndan məhrum etmək istəyirsə, ona qarşı vuruşmaq lazımdır: möhkəm, tərəddüd etmədən, vuruşmaq lazımdır! Ədavəti, coşqunluğu, qətiyyəti mübarizə özü sənə verəcəkdir. Bircə şey lazımdır: hisslərin cilovunu buraxmaq, quduzluq kimi ona meydan vermək, vəssalam”.


0 comments to "Mübarizədən həzz almaq"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters