Ən böyük tamaşa, bizim tamaşa

Elnur Məcidli də aynasındıran çıxdı. Narkomanımız, xuliqanımız, fərarimiz, maşın təpikləyənimiz var idi, bu da oldu. Biryolluq elan edirik, biz hamımız bu adlara uyğunuq. Sabah bizi başqa bir adla saxlaya bilərlər, yoldan keçənə sataşan da ola bilərik, lentlərini kəsdikləri keçidləri dağıda da bilərik. Əsas olan budur ki, biz davam edirik. Sevimli peşəmizi - azadlıq savaşçılığını tərk etmirik. Sonuncu həbs göstərdi ki, qorxan elə hakimiyyətin özüdür. Demirik ki, sonuncumuzu da həbs etsəniz, dönən deyilik. Deyirik ki, hər həbs etdiyinizin yerinə daha artıq sayda gənc gələcək. Məhbəsdə olanların yeri boş qalmayacaq. Sonu olan biz yox, Əliyevlər olacaq.
Çoxdandır bu haqda düşünürdüm. Azərbaycan xalqı, elə biz özümüz nədən teatrlara getmirik? Niyə biz tamaşalardan uzaq düşmüşük? Bu sualı xeyli vaxtdır çoxları səsləndirir, insanların teatrlara axışması üçün hər cür çağırışlar edilir, ancaq yenə də nəticə yoxdur. Boşluğu izah edən müxtəlif səbəblər göstərilir. Insanların səviyyəsi aşağı düşüb, mədəni sahəyə diqqət ayrılmır, aktyorların əmək haqqı azdır, yaxşı əsərlər yazılmır və daha nələr, nələr... Səbəb bu deyil, cənablar. Cabbar Savalanlının məhkəməsində əsl səbəbi tapdım. Hətta “evrika” deyə qışqırmaq istədim. Bəli, Azərbaycan məhkəmələri, hakimləri, prokurorluq əməkdaşarı, bütövlükdə hüquq-mühafizə orqanları və Azərbaycan hakimiyyəti tamaşa göstərməkdə, rola girməkdə əvəzsizdir. Bu ölkədə heç bir aktyor azərbaycanlı məhkəmə hakimi qədər qrimlənə bilməz. Heç bir artist dövlət ittihamçısı kimi rol oynaya bilməz. Incəsənət universitetini bitirmiş hər hansı şəxs cəsarət edib şanlı polislərimizlə yarışa girə bilməz. Yeri gəlmişkən, eşşək məhkəməsi, kukla məhkəməsi, narkoman məhkəməsi vardı, biri də oldu artıq - aynasındıranlar məhkəməsi.
Hakimiyyətdəkilər haqqını yeyərək onlardan daha yaxşı rol oynaya bilər? Kimlər korrupsioner olduğu halda həm də ona qarşı mübarizə aparan şəxs rolunu oynaya bilər? Varmı belə bir aktyor? Varmı bu nazirlər kimi artistlər? Varmı Azərbaycan böyüklükdə teatr səhnəsi? Yoxdur! Xalq bu tamaşaya baxır, ya gizlicə, ya da mümkün olan hər yerdə tamaşa ilə bağlı rəylərini bölüşür. Bu səbəbdən şəhərdəki teatr lojaları boşdur. Əsas olansa ssenaristdir. Onunla haqq-hesabı bitirək ki, teatrların da üzü gülsün, biletlər də satılsın və pərdə açılsın...
Arada facebookda belə bir elan gəzdi: Gülüstan sarayında Heydər Əliyevin 88 illiyinə həsr olunmuş 2-ci Bakı Ürək Günləri keçiriləcək. Tədbirin adı xeyli maraqlıdır. Adı seçənlərə təşəkkür edib əsas məsələyə keçək. Azərbaycanda xeyli insan bu xəstəliyə görə əziyyət çəkir. Bütün pis siyahılarda olduğu kimi, bu xəstəliyə görə də biz öndəyik. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Üstəlik, ildönümünə həsr olunmuş şəxsin özü də ürək tutmasından dünyasını dəyişib. Burası, mənim üçün heyrətamizdir. Sənin ad gününü qeyd etdiyin şəxs bu xəstəlikdən vəfat etsin, ölkən bu xəstəliyə görə keçmiş ittifaq ölkələri arasında ilk yeri tutsun, sən də ürək günləri keçir. Biri desin görək, bu ürək günləri nəyə hesablanıb? Azərbaycan bu sahədə hansı uğur qazandı ki? Insanları yaramaz qaydalarla idarə edərək evini, mülkünü əlindən alıb, onun puluna hər tərəfdə villalar ucaldıb, haqsızlıqla, ədalətsizliklə hər vətəndaşı əsəb, depressiya içində saxlayıb infarkt edib və üzərindən də təmtəraqlı ürək günləri keçirmək riyakarlıqdır.


0 comments to "Ən böyük tamaşa, bizim tamaşa"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters